Xəbər lenti

Siyasət 15:28 18.01.2024

“Fransa Senatının qərarının heç bir təsiri olmayacaq" - Deputat

"Azərbaycan öz maraqlarını istənilən ölkə qarşısında müdafiə etməyə qadirdir və müdafiə də edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Fransa Senatının qəbul etdiyi Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qətnaməsini şərh edərkən deyib.
 

Deputat bildirib ki, Azərbaycana qarşı yönəlik bu cür qərarların heç bir effekti olmayacaq:



"Fransa Senatında bir qrup avantürüstün qəbul etdiyi qərar Azərbaycan üçün heç kağız parçası da deyil. Hər hansı bir şəkildə Azərbaycana qarşı yönəlik bu cür qərarların heç bir effekti olmayacaq. Onların indiyə kimi qəbul etdikləri qərarların hamısı bəllidir. Bu, Azərbaycan üçün heç nəyi ifadə etmir. Əksinə, Fransa özü üçün bunu problemə çevirə bilər. Çünki Fransa faktiki olaraq özünü ikinci erməni dövləti kimi aparır. Bu fonda da böyük Fransa dövlətindən əsər-əlamət qalmayıb. 5-10 dılğır erməninin arzuladığı şəkildə xarici siyasət formalaşdıran bir dövlətin nə qədər acınacaqlı durumda olduğunu hər kəs anlamalıdır. Bu baxımdan da verdikləri qərarın ölkəmizə heç bir təsir gücü yoxdur. 

Azərbaycan istənilən səviyyədə özünü müdafiə etməyə və öz gücünü ortaya qoymağa hazırdır. Mənasız qərardır. İndiyə kimi belə çoxsaylı qərarlar versələr də, atdıqları avantürüst addımlara rəğmən ermənilərin Qarabağdan könüllü köçmələrinin qarşısını ala bilmədilər. Bu qərarın da heç bir xeyri olmayacaq. Azərbaycan öz maraqlarını istənilən ölkə qarşısında müdafiə etməyə qadirdir və müdafiə də edəcək". 
 
Qeyd edək ki, yanvarın 17-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Bununla əlaqədar Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu qərəzli addımı atanlara qarşı etiraz bəyanatı qəbul edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->