İdman 13:19 09.02.2023

Futbol klublarımız Türkiyədə zəlzələdən əziyyət çəkənlərə necə yardım edir?

Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdən ora yardımların ardı-arası kəsilmir. Qardaş ölkədə əziyyət çəkən insanlara yardım kampaniyalarına klublarımız da qoşulub. Azərbaycan Premyer Liqasında çıxış edən klublar və ya onların üzvləri ayrı-ayrılıqda, yaxud da azarkeşləri vasitəsilə yardımlarını davam etdirirlər. Bəs edilən yardımlar əsasən hansı şəkildə olur?

Qaynarinfo məsələ ilə bağlı bəzi klubların hansı şəkildə yardım etdiklərini araşırıb.

Anar Hacıyev ("Qəbələ”nin mətbuat xidmətinin rəhbəri): "Hazırda azarkeşlərlə birlikdə kampaniyamız var və iki gündür davam edir. Kampaniya "Qəbələ Otel”də keçirilir. Azarkeşlərin keçirdiyi kampaniyada isti qış geyimləri, qida vasitələrindən tutmuş ehtiyac olan məhsullar toplanır və "Qəbələ” də buna dəstək olur. Məhsullar yığılır, paketlənir və Bakıya yola salınır. Bunu həm Qəbələdə, həm də Şamaxı Olimpiya Kompleksində həyata keçiririk. Maddi yardımla bağlı qəti şəkildə bir şey deyə bilmirəm. Ancaq bu da ola bilər. Hazırda yardım məsələsinə yönəlmişik”.

Azad Mustafayev ("Kəpəz”in mətbuat katibi): "Gəncədə, bildiyiniz kimi, yardım yeri var. İstər klub rəhbərliyində təmsil olunan rəsmilər, istər məşqçilərimiz, isərsə də əsas komandanın üzvləri fərdi qaydada, kimin nəyə gücü çatırsa, yardım edir. Bu, həm maddi, həm də lazım olan əşyalardır. Kimin nəyə gücü çatırsa, əsirgəmir”.

Süleyman Tağıyev ("Turan Tovuz”un mətbuat katibi): "Ayın 11-də "Kəpəz”lə oyunumuz var. Həmin matçda bilet satışından əldə olunan bütün gəliri Türkiyəyə yardım kimi göndərəcəyik. Bundan əlavə, bütün rayonlarda, şəhərlərdə olduğu kimi Tovuzda da yardım məhsullarının toplandığı məntəqələr var. Fərdi şəkildə bütün işçilərimiz, o cümlədən məşqçi, futbolçu heyəti yardımlara qoşulub. Əsas da bilet məsələsidir. Hətta elə adam var ki, simvolik olaraq bilet alıb, amma dəstək üçün 500 manat verib. Bundan başqa oyuna gələ bilməyənlər var, amma onlar Bakıdan pul göndərib aksiyada iştirak edirlər”.

Elnur Həmidov ("Sabah”ın mətbuat katibi): "Azarkeş qrupumuz kampaniya başladıb. Biz də klub olaraq bu kampaniyaya qoşuluruq. İstər klub özü, istərsə də əməkdaşları ayrı-ayrılıqda, müəyyən formada dəstəyini göstərib. Elə adamlar var, maddi, elələri də var digər formada yardım göstərir. Bütün yardımlar toplanılaraq fanklub vasitəsilə lazımi yerlərə göndərilib. Bunun davamı da olacaq”.

Yusif Hüseynli ("Şamaxı”nın mətbuat katibi): "Yardımı fərdi şəkildə göstəririk. Çünki komanda "Sumqayıt”la oynayacq deyə, Bakıdadır. Şamaxıda deyilik. Ona görə də fərdi şəkildə kim istəsə, fərdi şəkildə dəstəyini göstərir. Maddi şəkildə yardım göstərən də var, lazım olan geyim məhsullarını göndərənlər də. Oyuna gəldikdə "Sumqayıt”la birlikdə zəlzələ zamanı ölənləri anmaq üçün nələrsə etməyi düşünürük. Bununla bağlı iki klub arasında danışıqlar gedir”.

Rəşad Məmmədov ("Sumqayıt”ın mətbuat katibi): "Hazırda həmin məsələ ilə bağlı həm klub, həm də akademiyamız tərəfindən aksiya təşkil olunub. Hər cür dəstək göstərməyə hazırıq. Bu, bütün klub, akademiya üzvləri, hətta uşaqların valideynləri tərəfindən xoş qarılandı və onlar əllərindən gələni edirlər. Hazırda bununa bağlı iş gedir. Həftəsonuna qədər yekunlaşdırıb göndərəcəyik”.

Rüstəm Allahvediyev ("Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "İş yoldaşlarımızla birlikdə kampaniya başlatmışıq. Futbolçularımız da buna qoşulur. Kimlərsə evindən yorğan, döşək, kimlərsə uşaq bezləri alıb göndərib. Bundan əlavə maddi dəstək də göstəririk. Onsuz da yardım mərkəzi ilə əlaqə saxlamışdıq. Daha çox nələrə ehtiyac olduğu haqda məlumat yaymışdıq. Həmin məlumata əsasən, kimin nəyə gücü çatırsa, dəstəyini göstərdi. Bu gün yığılan hər şeyi yardım mərkəzinə təhvil verəcəyik”.

Səbuhi Həsənov