Xəbər lenti

Ölkə 13:10 04.04.2023

Generalın şikayəti ilə bağlı qərar açıqlandı - 12 il həbsdə qalacaq

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar verilib. 

Qaynarinfo xəbər verir ki, qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunub. 

Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. 

Həmin hökmə əsasən,  12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb. 

Bu gün, aprelin 4-də verilən qərarla Mövlam Şıxəliyev general, digər 3 müttəhim polkovnik rütbələrindən məhrum ediliblər. 

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarıldı. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak demək idi. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - "Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar vardı. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini istəyirdirlər. Deyirdilər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qiymətləndirilməsi üçün alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apelyasiya şikayətlərində yer almışdı. 

Məhkəmənin qərarından sonra zərərçəkənlər Qaynarinfo-ya bildiriblər ki, qərardan kassasiya şikayəti təqdim edəcəklər.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?