İdman 18:41 01.09.2022

Geyimə görə qayda pozan klub cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki,  iclasda Birinci Divizionun ikinci turunda yol verilən qayda pozuntularına dair aşağıdakı cərimə və cəzalar tətbiq olunub. 

"Qarabağ-2” – MOİK oyununda oyun öncəsi "Qarabağ-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.

"Qarabağ-2” – MOİK oyununda MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur.

"Neftçi-2” – "Qaradağ Lökbatan” oyununda matçın 90-cu dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 55 nömrəli futbolçusu Tunar Mütəllimov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.

"Turan Tovuz-2” – "Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur.

"Turan Tovuz-2” – "Kəpəz-2” oyununda "Kəpəz-2” klubunun 72 nömrəli futbolçusu Zahid Mərdanov oyunun 59-cu dəqiqəsində "sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.

"İmişli” – "Araz Naxçıvan” oyununda "İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla "İmişli” komandasına texniki məğlubiyyət verilir klub 400 manat cərimələnir.

"Sumqayıt-2” – "Zirə-2” oyununda "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Səbuhi Həsənov