Dünya 14:46 04.07.2023

“Gürcü arzusu” Zelenskinin Saakaşvili ilə bağlı çağırışını təhqir adlandırdı

Gürcüstanın hakim "Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna prezidenti Volodimir Zelenskinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin müalicə üçün Kiyevə göndərilməsi tələbini tənqid edib. Onun sözlərinə görə, belə tələblər qəbuledilməzdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan” məlumat yayıb.

"Mixail Saakaşvili ilə əlaqədar Ukrayna prezidenti Volodimir Zelenskinin dünənki addımına gəlincə, mən bu mövzuya dərindən girmək istəmirəm, çünki bu, müharibə vəziyyətində olan ölkənin prezidentinə aiddir. Ümumiyyətlə, Ukrayna hakimiyyətinin mövqeyi, əlbəttə ki, təhqiramizdir”, - deyə Kobaxidze bildirib. 
Onun sözlərinə görə, Mixail Saakaşvili iki il əvvəl gizli şəkildə Gürcüstana gələndə Ukrayna rəsmiləri ona fəal kömək ediblər ki, bu da suveren dövlətin işlərinə qarışmaqdır. "Gürcü Arzusu” liderinin sözlərinə görə, Gürcüstan rəhbərliyi Ukrayna ilə yaxşı münasibətlər saxlamaq və qonşu ölkə ilə "ən azı birtərəfli dostluq rejimində” qalmaq istəyir, lakin Kiyev hakimiyyətinin hərəkətləri buna kömək etmir.

Xatırladaq ki, dünən, iyulun 3-də Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və iş adamı Badri Patarkatsişvilinin "İmedi” televiziya şirkətinin ələ keçirilməsi işi üzrə növbəti məhkəmə iclasında onlayn iştirak edib. O, hakimiyyəti onu ölüm həddinə çatdırmaqda günahlandırıb. Hazırda eks-prezident Vivamed klinikasındadır. Onun tərəfdarları Mixail Saakaşvilinin son dərəcə ağır vəziyyətindən və həyatı üçün təhlükədən danışırlar. Məhkəmə iclasından sonra Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini azad edib müalicə üçün Kiyevə təhvil verməyə çağırıb.

2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Mixail Saakaşvili 2005-ci ildə müxalifətçi deputat və biznesmen Valeri Gelaşvilinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən döyülməsini təşkil etməkdə təqsirli bilinərək Tbilisi məhkəməsi tərəfindən 2018-ci ildə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Eks-prezident 2021-ci il sentyabrın 29-na keçən gecə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb, bir neçə gün sonra həbs edilib.

Nizami Bağırov