Dünya 22:27 25.03.2024

Gürcüstan ailə dəyərlərini Konstitusiya ilə qoruyacaq

Gürcüstanda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası ailə dəyərlərinə dair Konstitusiya dəyişikliklərinə təşəbbüs göstərmək niyyətindədir. 

Qaynarinfo "Gürcüstan Online" portalına istinadən xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze məlumat verib.

O qeyd edib ki, partiyanın vəzifəsi "qeyri-ənənəvi və ya başqa həyat tərzinə riayət etməsindən" asılı olmayaraq istənilən şəxsin konstitusiya hüquq və azadlıqlarını qorumaqdır.

"Digər tərəfdən, biz ailə dəyərlərini və gələcək nəsillərimizi psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən qorumalıyıq", deyə Mdinaradze bildirib.

Bununla əlaqədar olaraq o, hakim partiyanın Konstitusiyaya "ailə dəyərlərinin təminatlarını və yetkinlik yaşına çatmayanların müdafiəsini açıq şəkildə ifadə edən" düzəlişlər etmək niyyətini açıqlayıb. Bundan sonra qanunvericilikdə lazımi dəyişikliklər hazırlanacaq..

Bundan əvvəl Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvlərinin LGBT təbliğatına yönəlmiş qanun layihəsini təqdim etməyə hazırlaşdıqları barədə məlumat verilmişdi.

Aydın