Dünya 17:48 11.03.2024

Gürcüstan Kiyevdən Saakaşvilinin tərəfdaşlarını ekstradisiya etməyi tələb edir

Gürcüstan Ukrayna hakimiyyətindən münasibətləri normallaşdırmaq üçün Mixail Saakaşvilinin dövründəki məmurları, xüsusən rəsmi Tiflisin beynəlxalq axtarışa verdiyi Zurab Adeişvilinin ekstradisiyasını tələb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Gürcüstan hökumətinin bəyanatına istinadən məlumat yayıb.

"İlk növbədə, münasibətlərin normallaşması üçün Ukrayna hakimiyyətinin hazırda onun administrasiyasında yüksək vəzifələr tutan cinayətkarları Gürcüstana təhvil verməsi son dərəcə vacib və zəruridir”, bəyanatda deyilir və bildirilir ki, Gürcüstan tərəfi Zurab Adeişvilinin Ukraynanın Avropa İttifaqı və Almaniyadakı rəsmi nümayəndə heyətinə daxil edilməsindən sonra öz mövqeyini bildirməyi zəruri hesab edir.

Bəyanatda həmçinin deyilir ki, Ukrayna hökumətində yüksək vəzifələr Gürcüstanda axtarışda olduğu və ya müxtəlif ittihamlarla məhkum edilmiş şəxslər tərəfindən tutulur.

"Bu baxımdan, Zurab Adeişvilinin Ukrayna Baş prokurorunun müşaviri, Georgi Lortkipanidzenin isə Ukrayna Əks-kəşfiyyat Xidmətinin sədr müavini olması xüsusi narahatlıq doğurur”, deyə məlumatda bildirilir.

Gürcüstan hökuməti ümid etdiyini bildirib ki, Ukrayna hakimiyyəti "Gürcüstan və Ukrayna, eləcə də gürcü və ukrayna xalqları arasında dostluq ruhuna kobud şəkildə zidd olan” qərarlara yenidən baxacaq.

"Gürcüstan hökuməti Ukrayna hakimiyyətinin iki tarixən dost ölkə və xalq arasında süni şəkildə təpki yaratmış kimi qəbul etdiyi qərarlardan təəccüblənir”, deyə bəyanatda qeyd edilir.

Bundan əvvəl Almaniyanın Gürcüstandakı səfirliyi bəyan edib ki, Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Almaniya Bundestaqına girişinə qadağa qoyulması üçün heç bir hüquqi əsas yoxdur.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bunu "məyusluq” və "gürcü xalqına və onların problemlərinə qarşı qeyri-ciddi münasibət” adlandırıb və bu məsələ ilə bağlı alman deputatlardan izahat istədiyini bildirib.

Adeişvili 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bir sıra ittihamlarla üzləşib və bunu siyasi motivli adlandırır; üç iş üzrə o, iki ildən beş ildən artıq müddətə azadlıqdan məhrum edilib. 2015-ci ildə Adeişvili Rumıniyadan siyasi sığınacaq alıb, 2021-ci ildə isə Gürcüstan vətəndaşlığından imtina edib. Son illər o, Ukraynada işləyir.

Gürcüstan hakimiyyəti dəfələrlə Adeişvilini beynəlxalq axtarışa verməyə cəhd edib.

Lortkipanidze Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsində əli olmaqda ittiham olunur. Gürcüstan prokurorluğu iddia edir ki, eks-prezidentin vətəninə qanunsuz qayıtması üçün plan və marşrutu məhz Lortkipanidze hazırlayıb.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan parlamentinin spikeri Saakaşvili ilə bağlı "yalanlara” görə Zelenski və Sandudan üzr istəməsini tələb edib. 

Nizami Bağırov