Dünya 17:30 01.03.2024

Gürcüstan prezidenti Saakaşvilini əfv edə bilərmi? (ŞƏRH)

"İndiki situasiyada Mixeil Saakaşvili əfv oluna bilməz. Çünki onun barəsində hələlik hər hansı bir hökm yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstan prezidenti Salome Zurabişvilinin sabiq prezident Mixeil Saakaşvilinin əfv edilib-edilməməsilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloqun fikrincə, sabiq prezidentin əfv olunması mümkün deyil:
 


"Gürcüstan prezidenti bu ölkənin qanunları çərçivəsində fəaliyyət göstərir. Saakaşvili barəsində sona yetmiş istintaq və sona yetmiş məhkəmə qərarı təsdiq olunsa və hökm verilsəydi, yalnız bu halda Gürcüstan prezidenti onu əfv edə bilərdi. İndiki halda isə onun barəsində nə sona yetmiş istintaq, qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. O, hazırda istintaq altında olan vətəndaşdır. Belə olan vəziyyətdə onun əfvi məsələsi Gürcüstan prezidentinin səlahiyyətlərinə daxil deyil. O, Saakaşvilinin mühakimə edilməsini, onun barəsində hansısa bir həbs cəzasının tətbiqini gözləməlidir. Yalnız bundan sonra, səhəri gün Salome Zurabişvili Mixail Saakaşvili barədə əfv sərəncamı verə bilər. Hələlik Zurabişvilinin prezident olaraq Saakaşvilini əfv etmək hüququ yoxdur. Saakaşvilinin mühakiməsi də bu fonda ona görə uzadılır ki, onun əfvi baş tutmasın və məhbəsdə qalsın".

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili sabiq prezident Mixeil Saakaşvilinin əfvi  məsələsinə toxunub. O bildirib ki, Saakaşvilinin əfv  edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz. 

Rüfət Sultan