Dünya 18:34 11.03.2024

Gürcüstan Rusiyaya savaş elan edə bilərmi? (ŞƏRH)

"İrakli Qaribaşvili hazırlanan planlardan xəbərdardır. Səsləndiridyi bəyanatdan da görünür ki, bölgədə ciddi hadisələr baş verəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvilinin ölkəsinin hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq riski ilə üz-üzə qaldığı barədə bəyanatını şərh edərkən deyib.

"İrakli Qaribaşvilinin vəzifəsindən istefa verməsinin geosiyasi proseslərlə bağlı olduğunu öncədən qeyd etmişdim. Məsələ ondadır ki, Gürcüstan Qərbin müəyyən dairələrinin, xüsusən də, Fransanın oyunlarında iştirak etmək istəyir. Ermənistana silah daşınmasına imkan yaratmaqla artıq bu oyunlarda iştirak edir, desək yanılmarıq. Gürcüstanın da torpaqları Rusiya tərəfindən işğal olunub. Bu səbəbdən Gürcüstan 3+3 formatından da imtina etdi. Görünən odur ki, Qaribaşvili  hazırlanan planlardan xəbərdardır və onun son bəyanatını bununla əlaqələndirmək olar. Nəzəri olaraq belə bir təhlükə həmişə olub. 2008-ci ildən sonra Rusiya və Gürcüstan arasında hərbi münaqişə üçün zəmin mövcuddur", deyə politoloq bildirib.
 

 
Həmsöhbətimizə görə, ikinci cəbhənin açılması isə indiki məqamda Tiflis üçün məqbul ola bilər:

"Rusiya Ukratnada çox zəifləyib. Ona görə Tiflis də bu məqamdan istifadə etmək fikrinə düşə bilər. Qərbdən də müəyyən dairələr bu prosesə dəstək verə bilərlər. Amma Tiflis ehtiyatlı olmalıdır. Bu dəfə məğlub olmaq Gürcüstan dövlətçiliyinin sonu demək ola bilər".

Qeyd edək ki, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbəri, keçmiş baş nazir İrakli Qaribaşvili ölkəsinin hələ də hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq riski ilə üz-üzə olduğunu bəyan edib. Zuqdidi şəhərində hakim partiyanın tərəfdarları ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Qaribaşvilinin sözlərinə görə, ölkədə sabitliyin, əmin-amanlığın və iqtisadi inkişafın qorunub saxlanılmasına baxmayaraq, təhlükəsizliklə bağlı 2022 və 2023-cü illərdə mövcud olan risklər və Gürcüstanın müharibəyə cəlb edilməsi, ikinci cəbhənin açılması riski hələ də mövcuddur. 

Rüfət Sultan