Dünya 17:27 16.10.2023

Gürcüstanın KM prezidentin impiçmenti prosesinin başlanmasına icazə verdi

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin ölkə Konstitusiyasına zidd olaraq Avropaya səfər etdiyi qənaətinə gələrək onun impiçmenti barədə rəy qəbul edib.

Bu barədə Qaynarinfo "Georgia Online”a istinadən xəbər verir.

"Konstitusiya Məhkəməsi Gürcüstan prezidenti Salome Zurabişvilinin Konstitusiyanı pozduğu qənaətinə gəlib", - bazar ertəsi, oktyabrın 16-da verilən bəyanatda deyilir.

Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı bu qərarın lehinə səs verib.

Gürcüstan Konstitusiya Məhkəməsi hakim "Gürcü arzusu” partiyasının müəllifliyi ilə hazırlanan bu təqdimatı üç gün ərzində müzakirə edib.

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın sözlərinə görə, nəticəyə Konstitusiya Məhkəməsi plenumunun üç üzvünün xüsusi rəyi əlavə olunacaq.

"Gürcüstan Prezidenti Salome Zurabişvili 2023-cü il avqustun 31-də, sentyabrın 1-i və 6-da xaricə işgüzar səfərləri zamanı Gürcüstan hökumətinin razılığı olmadan xarici əlaqələr sahəsində öz nümayəndəlik səlahiyyətlərini həyata keçirib, bununla da Gürcüstan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 1-ci bəndinin "a” yarımbəndinin müddəalarını pozub”, - Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turava bildirib.

Qeyd edək ki, Gürcüstan Konstitusiya Məhkəməsinin müvafiq qərarından sonra prezidentin impiçmenti məsələsi parlamentə veriləcək.

Dövlət başçısının vəzifədən uzaqlaşdırılması üçün 100 parlament üzvünün səsi tələb olunur.

Nizami Bağırov