Siyasət 14:39 28.09.2022

Hacıyev-Qriqoryan görüşü: ABŞ-ın vasitəçilik səyləri nə qədər səmimidir? - Politoloq

ABŞ-da bu ölkənin Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. 

Bu barədə məlumat verən Ceyk Sallivan bildirib ki, Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul edib: "Biz növbəti zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”. 

Qaynarinfo-ya açıqlamasında sözügedən görüşü dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın bu əsasda vasitəçiliyini, səylərini ciddi qəbul etmir:



"Çünki ABŞ adminstrasiyasının bu mövzuya diqqəti ilk növbədə noyabrda Konqresə olacaq seçkilərdə erməni səslərini qazanmaq məqsədindən irəli gəlir. Ona görə də indi onlar bu cür fəaliyyət həyata keçirir. Vaşinqtonun burada ikinci məqsədi isə İrəvanı tamamilə Rusiyadan qoparmaqdır. Ermənistan ictimaiyyəti artıq Rusiyadan imtina edib, Qərbə üz tutmağa yaxındır. Məhz Qərbin daha cəlbedici olduğunu göstərmək üçün Vaşinqtonda bu cür fəaliyyətdə bulunurlar. ABŞ öz qarşısına Ermənistanla Azərbaycan arasında olan problemlərin həlli məqsədini qoysaydı, Baydenin ermənilərə ünvanladığı məktubunda "Dağlıq Qarabağ xalqı” ifadəsi yer almazdı. Çünki ciddi şəkildə vasitəçilik etmək istəyən ölkə heç zaman ABŞ-ın mövqeyində əks olunmayan ifadədən istifadəyə yol verməzdi. Burada ABŞ-ın məqsədi bəllidir, səs verən ermənilərin könlünü almaq. Bu əsasda vasitəçilik isə ciddi nəticələr verməyəcək”. 

Rüfət Sultan