Dünya 14:50 05.06.2023

Hakan Fidan Ərdoğanın varisi olacaq?

"Hakan Fidan Ərdoğan komandasının ən parlaq nümayəndəsidir. Hətta deyərdim ki, son seçkilərdə hakim partiyanın namizədi olaraq Ərdoğan iştirak etməsəydi, Hakan Fidanın namizədliyi irəli sürülə bilərdi. Hakan Fidan pesrpektivdə onun varisi ola bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl Rəcəb Tayyib Ərdoğanın Türkiyədə yeni kabineti formalaşdırarkən əvvəlki 17 nazirdən 15 ilə vidalaşması, Hakan Fidanı XİN-ə rəhbər gətirməsini şərh edərkən deyib.
 
Ekspert vurğulayıb ki, hələ 2010-cu ildə MİT-ə rəhbər gətirilməmişdən öncə Hakan Fidanın keçdiyi yol, əldə etdiyi təcrübələr onun olduqca ciddi siyasətçi olduğunu göstərir: "Onun rəhbərlik etdiyi dövrdə Türkiyə kəşfiyyatı və əks-kəşfiyyatı kifayət qədər ciddi uğurlar əldə edib. Həmin uğurların bir hissəsi də ölkəmizlə bağlıdır”.

Ekspert Hakan Fidanı daha təmkinli diplomat kimi xarakterizə edib: 
 


"O, sələfi Çavuşoğlundan fərqli olaraq daha təmkinli diplomat ola bilər. Diplomatiyanın klassik qanunları var. Mövlud Çavuşoğlunun bir sıra hallarda səbirsizlik göstərərək, xüsusi tonla etdiyi müdaxilələr Türkiyə diplomatiyasına heç də uğur gətirmirdi. Ona görə də Hakan Fidanın əsl diplomat olacağına inanıram. O, xarici işlər naziri olmağa ən layiqli namizəddir. Ərdoğandan sonra ikinci fiqur sayıla biləcək şəxsdir”. 

Həmsöhbətimiz Hakan Fidanın gəlişilə Türkiyənin xarici siyasətinin xüsusilə Qərb istiqamətində müəyyən fərqli addımların atılacağını gözləyir.
 
"Türkiyənin xarici siyasətini dövlət başçısı müəyyən edir. Xarici işlər naziri isə bu istiqamətdə iş aparır və dövlət başçısının razılığı olmadan o fərqli siyasət apara bilməz. Sadəcə olaraq, Hakan Fidan dövlət başçısının cızdığı xətti digərlərilə müqayisədə Türkiyənin daha çox uğur qazanması yolunda daha iş apara bilən fiqurdur. Elə məqamlar var ki, Fidan Ərdoğanı əvvəllər razı olmadığı proseslərlə bağlı indi razı sala biləcək. Türkiyənin əsas problemi iqtisadi problemlərdir. Fidanın gəlişilə Türkiyənin xarici siyasətində Qərbə yönəlik müəyyən addımların atılacağını gözləyirəm”, deyə İlham İsmayıl fikrini yekunlaşdırıb.

Ekspertin sözlərinə görə, Ərdoğan hakimiyyətinin ilk beş ilində əldə etdiyi uğurların təcrübəsindən çıxış etməklə, köhnə kabineti əsaslı şəkildə dəyişib:

"Ərdoğanın hökumətin tərkibində etdiyi dəyişikliklər onu göstərir ki, ölkənin indiyə qədər bəzi hallarda baş verən xoşagəlməyən siyasətində əvvəlki nazirlərin mənfi rolu olub. Ona görə də Ərdoğan komandanı əsaslı şəkildə dəyişmək qərarına gəlib və bu, onun uğurudur. Görünən odur ki, Ərdoğan hakimiyyətinin ilk beş ilində əldə etdiyi uğurların təcrübəsindən çıxış edərək, yeni komanda ilə işləməyin daha uğurlu olacağı qənaətinə gəlib”.

Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimindən sonra yeni komandanın formalaşması prosesi də başa çatıb. Ərdoğan əvvəlki kabinetdə olan 17 nazirdən 15-i ilə vidalaşaraq, onları yenilərilə əvəzləyib. 

Rüfət Sultan