Ölkə 16:14 17.02.2024

Hakim nəlbəki oğurlayan psixi xəstəyə hökm oxudu - Elektron qolbağda gəzdirəcək...

Biləsuvar rayonu, Bağbanlar kəndində psixi xəstəliyi ilə əlaqədar mütəmadi qəbul etdiyi dərmanı ala bilməyən şəxs qonşusunun cehizlik əşyalarını oğurlayıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 8 avqust 1986-cı il təvəllüdlü Elvar Hüseynəliyev (ad-soyad şərti) saxlanılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb xəstəlikləri üzrə nevroloji kabinetində "F20" diaqnozu ilə dispanser qeydiyyatındadır. 

Ona eyni əmələ görə məhkəmənin 9 avqust 2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Sonuncu oğurluq zamanı qonşusu nişanlı qızı üçün aldığı, ümumi dəyəri 368 manat olan hər birindən 24 ədəd olmaqla, kasala, böyük şüşə stəkan, armudu şüşə stəkan, böyük və balaca nəlbəkiləri oğurlayıb. 

Məhkəmdə ifadə verən Elvar Hüseynəliyev bildirib ki, psixi xəstəliyi ilə əlaqədar mütəmadi qəbul etdiyi və bir qutusunun qiyməti 140 manat olan Almaniya istehsalı dərmanı almaq üçün maddi imkanı olmadığına görə oğurluq edib. Buna görə də zərərçəkmiş şəxsin Bakı şəhərində olduğu həyətinə daxil olaraq cehzlik əşyaları oğurlayıb.

Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası toplanmaqla ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilib. Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.

Əhməd
 

Elvar Hüseynəliyev