Amal Abuşov
İdman 14:52 18.01.2024

Həmyerlilərinin Barış Şimşəkə qoyduğu hörmət

Adamın lap "hardasan, ay Xəqani Məmmədov” deməyi gəlir. Bəli, bu istəyə düşməyimə heç də təəccüblənməyin. AFFA-nın əcnəbi mütəxəssis sevdası Azərbaycan hakimliyinin başında sınmaqdadır. 

Hər şey ondan başladı ki, 2018-ci ilin sentyabrında Xəqani Məmmədov AFFA Hakimlər Komitəsinin rəhbərliyindən uzaqlaşdırıldı. Onun yerinə avstriyalı Fritz Ştuxlik təyin edildi. Özü də AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirdi ki, bu da əcnəbi sədrin səlahiyyətlərinin artırılması demək idi. Həmin vaxt AFFA-da söz sahibi olan Elxan Məmmədov bu dəyişikliyin, yəni əcnəbi sədr təyinatının vacibliyini belə əsaslandırırdı ki, Ştuxlikin UEFA-dakı nüfuzundan istifadə edəcəklər. Guya ki, bu nüfuz da bizim hakimlərə UEFA-da daha çox etimad göstərilməsinə, bizimkilərin daha nüfuzlu beynəlxalq oyunlara təyinat almasına kömək göstərəcək.

Göstərdimi? Əlbəttə ki, yox. Əksinə, öz ölkəsində 1 milyon avroluq büdcəni şəffaf şəkildə idarə etməməkdə günahlandırılan Ştuxlik Azərbaycan hakimliyinin də başına oyun açdı. Hakimlər arasında intiriqalar artdı, ədalət təmsilçiləri yaşıl meydanlardan uzaq salındı, futboldan iyrəndirildi. Məhz Ştuxlikin UEFA-ya etdiyi "donosbazlıq” sayəsində Azərbaycanın ən perespektivli hakimi Əliyar Ağayevin illərlə yerində saydı, Ağayevlə birlikdə böyük gələcək vəd edən Rəhim Həsənov bu sahədən uzaqlaşdı. Rəhim bəy sonradan verdiyi müsahibələrdə açıq dillə ifadə edirdi ki, onun bu qərarı verməsinin səbəbkarı Ştuxlik, onun azərbaycanlı hakimlərə göstərdiyi münasibətdir. Onunla yanaşı Orxan Məmmədov, Mübariz Haşımov, Rza Məmmədov kimi adlar da hakimlikdən müxtəlif adlarla uzaqlaşdılar. 

İtirən Azərbaycan futbolu oldu. AFFA-nın həsrətlə gözlədiyi o möhtəşəm təyinatlar isə gəlmədi ki, gəlmədi. AFFA-nın bu məntiqsiz qərarı sayəsində uzun müddət ərzində faydasız Ştuxlikə xarici valyuta ilə külli miqdarda məvacib ödəndi. Yəni ki, Azərbaycandan valyuta çıxarıldı. Qazancımız nə oldu? Tam məsuliyyətimlə və qətiyyətimlə deyirəm ki, heç nə! Təəssüflər olsun ki, AFFA bu səhvindən nəticə çıxarmadı, əcnəbi mütəxəssis sevdasından əl çəkmədi. Ştuxlikin boşaltdığı posta türkiyəli Barış Şimşək təyinat alıb. Hansı keyfiyyətlərinə görə? Kim mənə isbatlaya bilər ki, yerli mütəxəssis Tahir Süleymanov hakimlərimizə Şimşəkdən pis rəhbərlik edər? 

İllərdir ki, azərbaycanlı hakimlərin fasilə dövründə xaricə təlim-məşq toplanışına yollanması mümkün olmurdu. Bu qış "tilsimi sındırıblar”. Hakimlərimiz böyük bir heyətlə Antalyaya toplanışa yollanıb. Xəqani Məmmədovun dövründə biz görürdük ki, ədalət təmsilçilərimiz günün birinci yarısında nəzəri hazırlıq keçir, günortadan sonra isə Antalyada keçirilən yoxlama oyunlarında ədaləti qoruyurlar. Bu da onların nəzəri biliklərinin meydanda nümayişinə şərait yaradır, eyni zamanda da beynəlxalq oyun təcrübəsini artırırdı. Peşəkar Futbol Liqası bizim hakimlərin idarə etdiyi oyunları lentə alır, sonra da həmin görüntülər birlikdə müzakirə olunur, təhlillər aparılırdı. Bu il hakimlərimizin Antalyada yoxlama oyunu idarə etmədiyi diqqətimi çəkmişdi. Səbəbini AFFA-nın sözçüsü Elnur Məmmədli "Futbol+”in sorğusuna verdiyi cavabda açıqlayıb. Sən demə, TFF bizimkilərin oyun idarə etməsinə icazə vermir, ordakı qarşılaşmalarda ancaq türkiyəli hakimlər söz sahibi olur. 

Bəli, torpaq özlərinin, meydança özlərinin. İstədikləri qərarı verə bilərlər. Biz onları qınaya bilmərik. Amma qardaş ölkədən gələnlərə istisna hal kimi güzəşt edilə bilərdi. Özü də bizim hakimlərə türkiyəli Barış Şimşək rəhbərlik edir. Görünən odur ki, TFF rəhbərliyi ya AFFA-ya hörmət qoymur, ya da öz həmyerliləri Barış Şimşəkə. 

Amal Abuşov