Ölkə 12:19 06.06.2023

Hərbi çağırışçılara məzuniyyət nə vaxt verilməli və maaşı necə hesablanmalıdır?

"Hərbi xidmətə çağrılan şəxslərə getməmişdən bir az əvvəl məzuniyyət verilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmətə çağırılan işçilərin maaşı necə hesablanmalıdır və onların işdən çıxma haqda əmrləri nə vaxt verilməlidir sualını cavablayarkən deyib. Ekspert həmin şəxslərə hərbi xidmətə getməmişdən əvvəl işlədiyi şirkət tərəfindən ödəniş edilməli olduğunu da vurğulayıb:
 


"Sabah hərbi xidmətə gedəcək şəxsləri iş yerindən bir gün əvvəl işindən buraxmaq düzgün hal deyil. Əgər belə hallar varsa, bu, qanun boşluğudur, yaxud da şirkətin özbaşınalığıdır. İstəlinən bir insan hərbi xidmətə getdiyi zaman ona ən azı 10 gün əvvəl məzuniyyət verilməlidir. Evli, yaxud subay fərq etməz, onun evində müəyyən məsələlər, problemlər var, bunlar həllini tapmalıdır, bir sözlə, onlara şərait yaradılmalıdır. Əgər belə hallar varsa, düşünürəm ki, həmin şirkətlər hərbi çağırışçıların haqqına girir”.

Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunda hər hansı boşluq yoxdur:

"Toplantıya, ya da müddətli hərbi xidmətə çağırılan zaman dövlət tərəfindən həmin insanların iş yeri saxlanılması, övladları varsa, evli, yaxud subaydırsa, bu kimi hallar qanunla tənzimlənir. Əvvəllər qanunda boşluqlar vardı, sonradan isə bu boşluqlar dolduruldu. Məsələn, hərbi xidmətə gedən şəxsin hərbi xidmətdən qayıdana kimi övladına dövlət tərəfindən müavinətlər ödənilir, iş yeri də saxlanılır. Ola bilsin ki, özəl şirkətdə çalışırlar, amma hərbi xidmətə çağrılıb. Qanunda belə bir boşluq vardı ki, hərbi xidməti başa vurub qayıdandan sonra özəl şirkətlər özbaşınalıq edirdilər, deyirdilər ki, biz bir il, yaxud da bir il 6 ay gözləyə bilmərik. Bu boşluq da dolduruldu. Necə olur ki, mən gedirəm vətənə xidmət etməyə, amma qayıdandan sonra mənə deyirsən ki, sənin yerinə adam götürülüb? 
İndi isə belə hallar yoxdur, hərbi xidmətdən qayıdana yaxın özəl şirkət həmin vəzifəni boşaldır, ya da o vəzifəyə bərabər işlə təmin edir. Hətta özəl şirkətlər deyirdilər ki, mən onların ailəsinə baxan deyiləm, bu da son illər aradan qaldırılıb”.

Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə isə, bu, əvvəlki qanunda ciddi sürətdə tənzimlənirdi:
 


"Hərbi xidmətə çağırılan şəxsin əmək müqaviləsinə daha əvvəldən xitam verilirdi və ona müavinət ödənilirdi. İndi Əmək Məcələsinin 77-ci maddəsinə əsasən hərbi, yaxud da alternativ xidmətə çağırılan şəxsə onun orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət verilir. Amma onunla əmək müqaviləsinə nə vaxt xitam verilir, bu, qanunda göstərilmir. Praktikada belədir ki, adətən işə götürənlər son günə kimi onu işdə saxlayırlar, müavinəti də ödəyirlər. Amma əvvəlçədən ona şərait yaradırlar ki, hərbi xidmətə gedənlər istirahət eləsin. Əgər əmək müqaviləsinin 74.a bəndini tətbiq etsələr, yəni çağırışçının işinə əvvəldən xitam versələr, bu sonradan işə götürən üçün pozuntu yaradar. Deyərlər ki, niyə onun işinə əvvəldən xitam verirsən”.

Bahar Rüstəmli