Siyasət 14:10 05.05.2023

İcra başçısı, yoxsa nümayəndə: Səlahiyyətlər kimdədir?

"Prezidentin səlahiyyətli nümayəndəsi icra hakimiyyəti funksiyasının həyata keçirilməsilə deyil, nəzarət funksiyalarının həyata keçirilməsilə məşğul olmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli rayonlara icra hakimiyyəti başçıları ilə yanaşı, Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması fonunda onların bir-birinə mane olub-olmadığı barədə məsələyə toxunarkən deyib.

Hüquqşünas bildirib ki, konstitusiyaya əsasən, yerlərdə icra hakimiyyəti funksiyasını yerli icra hakimiyyəti orqanları həyata keçirir:
 


"Ona uyğun olaraq da rayonlara icra hakimiyyəti başçıları təyin olunur. 44 günlük müharibədən sonra isə işğaldan azad olunmuş ərazilərimizdə və Naxçıvanda səlahiyyətli nümayəndələr təyin olundu. Səlahiyyətli nümayəndələr əslində yerli icra hakimiyyəti orqanları kimi yox, Prezident Adminstrasiyasının nümayəndəsi kimi təyin olunur. Amma hesab edirəm ki, onların səlahiyyətlərinin dəqiqləşməsi məsələsinə baxmaq lazımdır. Prezidentin səlahiyyətli nümayəndəsi icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərə qarışmamalı, nəzarət funksiyalarının həyata keçirilməsilə məşğul olmalıdır.

Konstitusiyada səlahiyyətli nümayəndələr institunun yaradılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Amma orada qeyd edilir ki, Prezident Adminstrasiyası təşkil edilir. Bu baxımdan, Prezident Adminstrasiyanın işçilərini də təyin edə bilər. Səlahiyyətli nümayəndələr də bu fonda adminstrasiya işçisi kimi təyin olunurlar”. 

Rüfət Sultan