Ölkə 09:02 16.01.2024

İcra başçısının sabiq müavini ilə bağlı qərar dəyişdi

Ali Məhkəmədə rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxs barəsində olan 14 iyun 2023-cü il tarixli qərarı və Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü məhkuma aid hissədə dəyişdirilib, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ilə Xanlar Heybətovun mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilib və həmin torpaq sahəsi həbsdən azad olunub.

İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.

Belə ki, X.Heybətov tanışı Arif Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Quba Rayon Məhkəməsinin hökmünə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub. Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib. Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.