Xəbər lenti

Siyasət 17:00 14.11.2023

İdarəetmədə yenilik, ləğvi iddia edilən icralar, aktuallaşan bələdiyyələr... (ŞƏRH)

Milli Məclisin son iclaslarında bələdiyyələrin səlahiyyətlərinin artırılması barədə fikirlər icra hakimiyyətlərinin ləğvi barədə mülahizələrə səbəb olub.
 
Qaynarinfo xatırladır ki, icra hakimiyyətlərinin ləğvi məsələsi 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra başlanan islahatlar dalğası zamanı gündəmə gəlib. 2019-cu ilin dekabırında Milli Məclisin buraxılması və 2020-ci ilin fevral ayında keçirilən növbədənkənar parlament seçkilərindən sonra isə bu barədə daha çox danışılmağa başlandı. 

Paralel olaraq referendumun keçiriləcəyi, seçki sisteminin dəyişdiriləcəyi barədə məlumatlar yayıldı. 

Lakin buna rəğmən gözləntilər özünü doğrultmadı. Nə referendum keçirildi, nə də yerli icra hakimiyyətləri ləğv edildi. Son günlər Milli Məclisdə bələdiyyələrin səlahiyyətlərinin artırılması barədə təkliflər yenidən bu məsələni aktuallaşdırıb. Müşahidələrə göstərir ki, yeni təyin edilən gənc icra başçılarının bir çoxunun vəzifəsinin öhdəsinin gələ bilməməsi, bölgələrdə yenə narazılığın olması yerli özünüidaretmə orqanlarını hərəkətə gətimək zərurəti yaradıb. Görünür, "yuxarılar”da da bu barədə hansısa müzakirələr aparılır ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması Milli Məclisin gündəminə gətirilib. Lakin icra hakimiyyətlərinin ləğvi üçün referendum keçirilməlidir. 

Növbəti ildə isə referendumun keçirilməsi mümkün görünmür. 2024-cü ildə parlament seçkilərinin keçirilməsi gözlənilir. Konstitusiyanın 98-1-ci maddəsinin II hissəsində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu  halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin 5-ci ilinin noyabr ayının 1-ci bazar günü keçirilir. 2020-ci ildə keçirilən seçkilərdə seçilən Milli  Məclisin 5-ci ili 2024-cü ilə düşür. Bu isə növbəti parlament seçkilərinin 2024-cü ildə keçirilməsini şərtləndirir. Bəzi mülahizələrə görə ilkin mərhələdə hakimiyyət icra hakimiyyətlərinin səlahiyyətlərinin azadılması, bələdiyyələrin önə çıxarılması layihəsini həyata keçirməyə çalışa bilər. 

Keçmiş deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli də mövzunu Qaynarinfo-ya şərh edərkən icra hakimiyyətlərinin ləğvi üçün referendum keçirilməli olduğunu bildirib. Lakin o, hakimiyyətin bu addımı atacağını düşünmür. 

Qulamhüseyn Əlibəylinin fikrincə, ilkin mərhələdə icra hakimiyyətlərinin səlahiyyətləri azaldıla əvəzində bələdiyyələrin fəaliyyəti genişləndirilə bilər. "Təxminən Türkiyə modeli kimi ola bilər. İcra hakimiyyətlərinin tamamilə ləğv olunacağı hələlik bir qədər inandırıcı görünmür”, - keçmiş deputat əlavə edib.

Seyid
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->