Xəbər lenti

Ölkə 16:47 16.04.2024

İki ayda 3456 boşanma: Ailələr niyə dağılır?

"Pandemiya ailə münasibətlərinə ciddi zərər vurdu".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistikadan danışarkən deyib. 

Sədr boşanmaların sayının artmasında sosial şəbəkələrin də rolunun böyük olduğunu qeyd edib: 

"Hesab edirəm ki, bu qısa müddətə evlənib-boşananların sayı deyil. Onların arasında eləsi var çoxdan ailə quranlardır. Düzdür, aralarında qısa  müddətə evlənib-boşananlar da var. Pandemiyadan sonra ailə münasibətlərində gərginlik yaranıb. Bu da ailə münasibətlərinə böyük zərbə vurdu, boşanmaların sayı artıb. Təəssüflər olsun ki, bu gün onun dalğası hələ də davam etməkdədir. Sosial şəbəkələr, ailənin iqtisadi durumu, psixoloji gərginliklərin hamısı ailəyə təsir göstərir".



Mehriban Zeynalova bu gün cəmiyyətdə aqresiyanın çox olduğunu vurğulayıb:

"İnsanlar hadisələri eşitdiyi kimi deyil, özü qəbul etdiyi kimi qavrayır. Yaxşı bir nəsihət verdiyin halda belə fərqli münasibət sərgiləyirlər. Bu da insanlarda psixoloji gərginlik və davranış dəyişikliyinə gətirib çıxardığını göstərir". 

Mehriban Zeynalova bildirib ki, insanlar konfilikti həll etməyin yollarını deyil, əksinə ailəni dağıtmağı təklif edirlər:

"Əvvəllər də ailə münaqişələri zamanı onun həlli yolunda iştirakçılar olub. Münasibətlərin tənzimlənməsində, dağılmamasında müəyyən addımların atılmaması, ağsaqqalar institutu olub, yaxud da qohumluq münasibətləri rol oynayıb".

Ekspert əlavə edib ki, ailənin dağılmasında ən mühüm məqam asılılıqdır:

"Ola bilsin ki, tərəfin biri imkanlı deyil, biri imkanlıdır. Bu onu özünə tabe etdirməkidr. Əksəriyyəti özünə tabe etdirmək, hökm eləmək düşüncəsi ilə yaşayır. Gəlir hansındadırsa, deyir hökmü mən verməliyəm. Yəni, bu ailəyə mən pul gətirirəm, odur ki, mənim sözüm qanundur deyirlər. Belə olanda ailə münasibətlərini tənzimləmək yox, ailədə daha çox idarəetmək istəkləri var". 

Qeyd edək ki, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?