Dünya 15:15 27.02.2024

İki milyondan çox Ukrayna vətəndaşına Rusiya pasportu paylanıb

Ukraynanın işğal olunmuş rayonlarının sakinlərinə 2 milyondan çox Rusiya pasportu verilib. 

Qaynarinfo "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov Baş İdarəsinin rəisi Oleq Aqarkov məlumat verib.

Aqarkov əlavə edib ki, Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə İnformasiya Mərkəzi 2023-cü ildə bu ərazilərin bir milyondan çox sakinini qeydiyyata alıb. Aqarkovun sözlərinə görə, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Rostov İdarəsinin əməkdaşları mütəmadi olaraq yeni bölgələrə - "DXR”, "LXR”, Xerson və Zaporojye vilayətlərinə ezamiyyətə gediblər. Ümumilikdə 716 polis əməkdaşı ezam olunub.

Qeyd edək ki, Rusiya 2022-ci ilin yazından, tammiqyaslı işğalın başlanmasından az sonra Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinə pasport paylamağa başlayıb. 2024-cü il yanvarın 23-də Ukrayna prezidenti Volodimir Zelenski könüllü olaraq Rusiya vətəndaşlığını almış və ya onun tərəfində döyüşən ukraynalıların vətəndaşlıqdan məhrum edilməsinə icazə verən qanun layihəsi təqdim edib.

Nizami Bağırov