Foto 15:07 26.01.2024

İki qardaşın faciəli ölümü ilə bağlı yeni faktlar üzə çıxdı (FOTO)

Xəbər verdiyimiz kimi, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib. O, Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirib və 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub.

Metbuat.az bildirir ki, hadisə Nərimanov rayonunda yerləşən mənzildə baş verib. Sərxan Həsənov və qardaşı Əli Həsənovun meyitləri tapılıb. Qardaşlardan dünəndən bu yana xəbər alınmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.

Onlar Tovuz rayonunda anadan olublar.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.