Siyasət 13:44 23.09.2022

İlham Əliyev BMT-nin toplantısına niyə qatılmayıb? - Deputat

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sesiyasına müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılıb. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Görəsən, Azərbaycan Prezidenti İlham Əliyev tədbirə niyə qatılmayıb? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hazırda Azərbaycan Prezidentinin əsas diqqəti ölkə daxilində gedən ciddi işlərə yönəlib:

"BMT Baş Assambleyasında dövlət və hökumət başçıları, eyni zamanda xarici işlər nazirləri səviyyəsində təmsilçilik institutları mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə də BMT Baş Assambleyasının müvafiq iclaslarında iştirak edib. Ancaq bu dəfə BMT-nin tədbirində Azərbaycanı xarici işlər naziri təmsil edir. Bunun bir neçə səbəbi var. Ölkə daxilində ciddi işlər gedir, Qarabağın, Şərqi Zəngəzurun bərpası üzrə mühüm işlər aparılır. Təbii ki, bu da böyük səy tələb edir. Bu baxımdan Azərbaycan Prezidenti işin üstündədir, ona nəzarət edir”. 
 


Elman Nəsirov onu da vurğulayıb ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət kursunu icra edən şəxs olaraq, BMT Baş Assambleyasında ölkəmizi təmsil edir:
 
"Azərbaycan Prezidenti dəfələrlə BMT-də, Təhlükəsizlik Şurasında ciddi islahatların aparılması təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, prezident BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edə bilməməsi səbəbindən çıxışlarında qurumun ünvanına tənqidi fikirlər də səsləndirib. Sözügedən qurum bir çox hallarda hadisə və proseslərə selektiv yanaşma nümayiş etdirib. Bir halda çevik reaksiya göstərsə də, başqa bir halda gözləmə mövqeyi tutub. Bunun dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, BMT-nin nüfuzunun bərpasına ehtiyac var. Tədbirdə iştirak edən xarici işlər naziri Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət kursunu icra edən şəxsdir. O, bu iştirakla həm də Azərbaycan Prezidentinin təmsilçisi olaraq orada fəaliyyət göstərir. Dövlət başçısının mövqeyi, yanaşması xarici işlər nazirinin fəaliyyətində BMT çərçivəsində də özünü nümayiş etdirməkdədir”. 

Rüfət Sultan