Siyasət 12:12 15.08.2023

İlham Əliyev Vladimir Putin və Sergey Məlikova başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm".

Prezident Dağıstan rəhbəri Sergey Məlikova da başsağlığı verib:

"Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".