Siyasət 14:24 06.02.2023

İran-Azərbaycan “soyuq savaş” müstəvisində: Yeni müharibə anonsu… - Nə gözlənilir? (MÜSAHİBƏ)

İran-Azərbaycan münasibətləri "soyuq savaş” müstəvisindədir. Qərb analitikləri bölgədə yeni müharibənin anonsunu verirlər. Bəzi dairələr Rusiya-Ukrayna savaşının İran-Azərbaycan müharibəsi ilə əvəzlənəcəyi kimi bədbin proqnozla çıxış edirlər. Bölgədə vəziyyət "barıt çəlləyi”ni xatırladır. Nə baş verir? 

Qaynarinfo-nun bu və digər suallarına politoloq, keçmiş təhlükəsizlik zabiti, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavab verir.

- İranda Azərbaycan səfirliyinə hücuma baxış daha çox romantik müstəvidə təhlil edildi. Prosesləri yaxından izləyən və kifayət qədər məlumatı olan şəxssiniz. Nə baş verdi və indi nə baş verir?

- "Romantik müstəvidə təhlil edildi” ifadəniz yumşaqlıq və korrektlik baxımından çox uğurlu seçimdir, hərçənd ki, siyasi təhlil və romantika heç bir halda əlaqəli olmayan anlayışlardır. Amma təəssüf ki, istər ölkədə, istərsə də onun ətrafında baş verənlərin məhz qeyd etdiyiniz şəkildə müzakirəsinin artıq trendə çevrildiyinin şahidi oluruq. Baş verənlərin nə olduğuna gəlincə, burda iki yanaşma var: bu gün Azərbaycan cəmiyyətinə təqdim olunan emosional, dar bucaqdan baxış və geniş rasional təhlil. Şübhəsiz ki, birinci yanaşma yuxarıdan verilən resept üzrə təqdim olunurdu (və olunur), elə həmin səbəbdən də ikinci yanaşmanı ortaya qoymaq cəhdləri birincilərin şər, böhtan, qarayaxma kimi ənənəvi ittihamları ilə üzləşirdi və üzləşməkdədir. Buradan çıxan nəticə də odur ki, kim(lər)sə məsələnin siyasi-analitik təqdimatında maraqlı deyil və deməli, cəmiyyətə açıq deyilməsi, çatdırılması lazım olmayan hansısa məqamlar var. Ən acınacaqlısı isə budur ki, həmin "susdurmağa cəhd” texnologiyaları dövlətçiliyi, millətçiliyi, vətənpərvərliyi istismar etməklə həyata keçirilir. Hərçənd ki, bu da yeni trend deyil. Bizdə ən çirkin əməllər daim ən gözəl fasadlar arxasında törədilir.

- Bəzi dairələr belə vesiya irəli sürdü ki, ortada danışılmış diplomatik oyun mövcuddur. Bakı-Tehran-Moskva üçbucağının bu hadisələrdə ayrı-ayrılıqda maraqları nədən ibarətdir, tərəflər arasındakı gərginliyə bu rakursdan baxıla bilərmi?

- Danışılmış kimi təqdim etmək ittiham olardı, amma bu və ya digər dərəcədə anlaşılan deyilərsə, məncə, belə bir versiyanın mövcud olmaq haqqı tanına bilər. Amma sualınızdan belə anlaşılır ki, baş verənlər hansısa geosiyasi proseslərin əlamətləridir və məncə, onların məhz, həmin bucaqdan dəyərləndirilməsi hadisələrə bir qədər aydınlıq gətirə bilər. Bu yerdə bir əlavəni də etmək yerinə düşərdi: bölgədə və özəlliklə də Azərbaycanda baş verənlər təkcə geosiyasətin əlamətləri deyil, həm də onun aktiv mərhələsinin başlanğıcının anonsudur. Bu da gözlənilən idi və 44 günlük müharibədən sonra bugünkü mərhələyə hazırlaşmaq lazım idi. Çünki yeni regional konstruksiyanın yaranmasına məhz həmin müharibə ilə start verilmişdi. Xüsusilə də savaşın son günündə Rusiya qoşunlarının "sülhməramlı” adı altında Azərbaycan ərazisinə yerləşdirilməsi Mokvanın geosiyasi hədəf və planlarının konturlarını aydın göstərirdi. Odur ki, baş verənləri dərindən anlamaq üçün də onlara 2020-ci ildə olmuş hadisələr prizmasından baxmağa məcburuq.       

- Bölgədə supergüclərin maraqlarının toqquşması müşahidə edilir. Dünyanın güc mərkəzləri nə istəyir? ABŞ, Rusiya və İranın geosiyasi hədəfləri nədən ibarətdir? 

- Bu sualınıza cavab vermək üçün tarixə qısa bir ekskurs etməli olacağıq. Azər bəy, xatirinizdədirsə, 2004-cü ilin əvvəllərində siz və mən də daxil olmaqla bir qrup ictimai-siyasi fəal Azərbaycanda ilk siyasi beyin mərkəzinin  - "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin yaradılmasını elan etdik və ilk təhlilimizdə transmilli korporasiyaların Azərbaycanda siyasəti müəyyən etməsi barədə düşüncələrimizi bölüşdük. Buna səbəb o zaman Azərbaycan siyasəti üçün yeni fenomenin ortaya çıxması idi, amma qlobal siyasət bucağından baxdıqda yeni bir şey yox idi. Əminəm ki, o zaman həmin təhlilə olan operativ reaksiyaları da yaxşı xatırlayırsınız. O vaxtdan 19 il keçib, amma bu gün artıq bizim yazdığımızdan qat-qat açıq təhlil və mülahizələrə heç bir reaksiya yoxdur. Ona görə ki, dünya yeni bir inkişaf mərhələsinə keçib və indi də onun aktiv fazası başlayıb. Halbuki prosesin özünə artıq SSRİ dağılan ərəfədə start verilmişdi. Buna "yeni dünya düzəni”, "yeni geosiyasi konstruksiya” və s. deyə bilərik, amma mahiyyət etibarilə bu, dünya gücləri arasında resurslara nəzarət uğrunda mübarizənin yeni mərhələsidir. Ümumiyyətlə, bütün qlobal savaşlar daim resurslara nəzarət uğrunda baş verir, bir o fərqlə ki, hər bir yeni mərhələdə resurs anlayışının məzmunu fərqli olur. Birinci Dünya müharibəsində resurslar koloniyalar, İkinci Dünya müharibəsində bazarlar sayılırdısa, bugünkü mərhələdə həmin bazarları əlaqələndirən kommunikasiyalardır. Mübarizə iştirakçılarının hədəfləri də elə həmin kommunikasiyalardır. İstər ABŞ olsun, istər Çin, istərsə də Rusiya və ya İran, hər kəs onlara nəzarətə can atır. İran əlbəttə burada yalnız regional oyunçu kimi qəbul edilə bilər.

- Baş verənlərdə Azərbaycanın yeri nədir? Bakı nə istəyir? 

- Azərbaycanla İran burada aşağı-yuxarı eyni vəziyyətdədir, çünki yeni geosiyasətin hədəfi olan mühüm kommunikasiyalar hər iki ölkənin ərazisindən keçir. Bu da öz növbəsində yeni imkanlar açmaqla yanaşı, həm də riskləri artırır. Həm qlobal "Şərq-Qərb dəhlizinin” (buna şərti olaraq Çin-Avropa yolu da demək olar), həm də Rusiyanın onu kəsmək məqsədilə reallaşdırmağı nəzərdə tutduğu "Şimal-Cənub dəhlizi” (şərti olaraq Rusiya-Yaxın Şərq yolu) Azərbaycan və İran üzərindən keçir. Bunu coğrafi, siyasi və iqtisadi amillər diqtə edir ki, bu da hər iki ölkəni qlobal maraqların toqquşma meydanına çevirir. Yaranmış şəraitdə Azərbaycanın qarşısında iki vəzifə durur: minimum vəzifə - mövcud reallıqdan itkisiz çıxmaq; maksimum vəzifə - prosesin iştirakçısına çevrilməklə bundan dividendlər əldə etmək.

- Dəhliz savaşlarından danışdınız. Rəsmi Bakı hansı dəhlizə tərəfdardır? Bu dəhlizlərin önəmi nədən ibarətdir? Yəqin ki, söhbət geosiyasətlə yanaşı, eyni zamanda, böyük pullardan gedir... 

- Bəli, söhbət Azərbaycan ərazisinin təxminən yarısını əhatə edəcək və ölkəboyu uzanan nəhəng bir nəqliyyat-komunikasiya infrastrukturundan gedir ki, bu da elə ilk növbədə böyük pullar, geniş iqtisadi əlaqələr, iqtisadi inteqrasiya və həm də təhlükəsizlik təminatları deməkdir. Rəsmi Bakının mövqeyi isə hələ aydın deyil, baxmayaraq ki, zaman durmadan daralır. Belə görünür ki, rəsmi Bakı siyasi perspektiv baxımından daha çox "Şimal-Cənub dəhlizi”nin, yəni Moskvanın yanında olmaq istərdi. Amma burda da bəzi məqamlar var. Əvvəla, əsas uduşlar "Şərq-Qərb dəhlizindədir”, üstəlik də yaxın zamanlarda Moskvanın özünün harada olacağı hələ tam aydın deyil. İqtisadi baxımdan isə "Şərq-Qərb dəhlizi” əlverişlidir. Görünür, elə həmin səbəbdən də biz dövlət rəsmilərinin dilindən tez-tez hər iki istiqamətə yönələn xoşməramlı niyyət mesajları eşidirik. Bu cür ziddiyyətli mövqe sərgiləmək isə indiki halda mümkün deyil.

- Amma neft müqviləsi imzalanda da belə idi və heç bir problem olmadı…

- Tamamilə haqlısınız, neft müqavilələri imzalananda belə ziddiyyətlər nəzərə alınmamışdı. Məsələ burasındadır ki, əvvəla, neft-qaz infrastrukturu əsasən Xəzər hövzəsi və ölkə ərazisindən keçən yeraltı borularla məhdudlaşırdı, nəqliyyat-kommunikasiya infrastrukturu isə dediyim kimi, ölkə ərazisinin az qala yarısını əhatə edən nəhəng yerüstü sistem olacaq. İnvestisiyalar da yəqin ki, neft sahəsinə yatırılanlardan qat-qat çox olacaq. Belə layihələr də ciddi hüquqi təminatlar tələb edir, amma Azərbaycanda hüquqla bağlı yumşaq desək, çox ciddi problemlər var və hazırda onlar sürətlə dərinləşməkdədir. Təbii ki, mövcud şəraitdə rəsmi Bakının Qərb investorlarına təklif edə biləcəyi "gedin işləyin, təminat verən mənəm” prinsipi ən azı qənaətbəxş olmayacaq. Digər bir tərəfdən də neft müqavilələri imzalananda Rusiya-Qərb münasibətləri indiki səviyyədən çox uzaq idi, Qərbin Azərbaycanda çalışan neft şirkətləri Rusiyanın özündə də fəaliyyət göstərirdilər. Bu gün isə Qərblə Rusiya de-fakto müharibə vəziyyətindədir, odur ki, seçim etmək lazım olacaq. Qərb istiqamətində seçim isə mütləq hüquqi şəraitin dəyişməsi, bu da öz növbəsində çox şeyin dəyişməsi demək olardı. Belə tendensiyaların isə rəsmi Bakının ürəyincə ola biləcəyini düşünmək sadəlövhlük olardı.  

- O zaman həmin ziddiyyətlər necə aradan qaldırılacaq?

- Hadisələri önləməyə çalışmayaq. Yeni dünya düzənindən söhbət gedirsə, o, təkcə geosiyasi və iqtisadi maraqları deyil, onların təmin olunması, azad bazarın işləməsi üçün zəruri olan şəraiti və şərtləri də dəyişəcək. Adından göründüyü kimi, "yeni dünya düzəni” adlandırılan da elə budur.  

- Bir qədər əvvəl Qazaxıstanda ciddi proseslər yaşandı, Nazarbayev erasına son qoyuldu, Tokayev dövrü başladı. Tokayev Kremlə qarşı demarşlar göstərdi. Tokayev kimin oyunu oynayır? 

- Fikrimcə, həmin demarşların səbəbi Tokayevin mövqeyi deyildi, Çinin Rusiyaya göstərdiyi sərt diplomatik və siyasi təpki idi. Rusiya "Şərq-Qərb dəhlizi”ni kəsməyə öncə Qazaxıstan üzərindən cəhd etdi və bunu Astana rejimini qorumaqla pərdələmək istədi. Pekin isə oyunun konturlarını aydın gördüyündən Moskvanı qısa zamanda Qazaxıstandan necə deyərlər, səs-küy salmadan çıxmağa məcbur etdi. Əminəm ki, elə bu da Rusiyanın Ukraynaya hərbi təcavüzündə rol oynadı, çünki Mərkəzi Asiyada uğur qazana bilməyən Moskva həmin dəhlizi Qara dəniz hövzəsi üzərindən kəsmək variantına əl atdı. Həmin regionda Qərb və NATO ilə üz-üzə gələn Moskva üçün bunun nəticələri az-çox aydın görünməkdədir. Deməli, sonuncu cəhd Cənubi Qafqaz üzərindən Yaxın Şərqə çıxmaq ola bilər ki, bunun da anonsu son günlər Rusiya ekspert cameəsindən intensiv şəkildə gəlməkdədir.  

- İranın hərbi obyektlərinin dronlarla vurulması ciddi müzakirələrə səbəb oldu. Maraqlıdır ki, nə İran, nə İsrail açıq şəkildə bir-birini ittiham etdi. Obyektləri kim və niyə vurmuşdu? Nəyə görə İsrailin adı hallandırıldı? İran üçüncü ölkə mesajı ilə nə demək istəyirdi? 

- İsrailin adının hallanması İranın daimi iddialarına uyğun idi, amma hücumlarda 3-cü tərəfin olması da istisna deyil. Əslində, həmin zərbələr İrana hansısa məsələlərdə mövqeyini yumşaltmalı olduğuna mesaj idi. Amma Tehran bir çox məsələlərdə sərt mövqe nümayiş etdirdiyindən söhbətin konkret hansı məsələdən getdiyini demək çətindir. Bu, İranın nüvə proqramına dair danışıqlarda mövqeyinə dair də ola bilərdi, Tehranın "Şimal-Cənub dəhlizi”ni sabotaj etməsi ilə də, daxili siyasi mübarizə ilə də. Düşünürəm ki, bir qədər gözləmək və Tehranın kimlə hansı məsələləri intensiv müzakirə edəcəyini izləmək lazımdır. Onda mənzərə bir qədər aydınlaşacaq.

- Bütün pafoslara və ura-patriotların şeir deməsinə baxmayaraq, Bakı soyuqqanlılıq nümayiş etdirir sanki. Biz gözləmə mövqeyi tutmuşuq? Bakının bu proseslərdə risk həddi hara qədərdir? 

- Yəqin ki, rəsmi Bakını belə davranış nümayiş etdirməyə sövq edən hələ görünməyən və məlum olmayan hansısa məqamlar var. Digər tərəfdən də sizin "ura-patriotlar” adlandırdığınız, mənim isə ictimai-siyasi kəsimə yeridilmiş təxribatçı-marginal dələduzlar hesab etdiyim zümrənin arxasında məhz kimin dayandığı açıq-aydın görünür. Bu da öz növbəsində cəmiyyəti radikallaşdırmaqla və insanlara nifrət aşılamaqla həm daxili, həm də xarici riskləri artırır. Risk dərəcəsi isə onsuz da yetərincə yüksəkdir. 

- Azərbaycanda İranın xeyrinə casusluq etməkdə şübhəli bilinən xeyli şəxs həbs edildi. İran kəşfiyyatı ilə əməkdaşlıq edənlər yalnız dindar təbəqədir, yoxsa başqa sahələrdə də belə şəbəkələr mövcuddur? Həbs edilənlər həqiqətən casusdurmu? Bu həbslərə Tehranın münasibəti necə olacaq? İranda Azərbaycan səfirliyinin fəaliyyətinin dondurulmasını bu rakursdan təhlil etmək lazımdırmı?

- İran kəşfiyyatının Azərbaycandakı fəaliyyəti az qala bütün sahələri əhatə edir, amma hər dəfə Bakı-Tehran münasibətləri gərginləşəndə həbs olunanlar əsasən İrana simpatiya bəsləyən şiə-dindarlar olur. Həmin dalğada da İranın kəşfiyyat qurumları ilə əməkdaşlıq edən və dindarların imkanları ilə müqayisə olunmaz dərəcədə geniş təsirə malik olan agentura şəbəkəsi "nəzərdən yayınır”.

Yeri gəlmişkən, İrana simpatiyası olan dindarlar da bu ölkəni tənqid edənləri, o cümlədən də mənim özümü dəfələrlə təhqir ediblər, İsrail və ABŞ casusu adlandırıblar. Buna baxmayaraq və kimə olursa-olsun münasibətdə həqiqəti demək əxlaq, mənəviyyat, özünə hörmət məsələsidir. Bundan başqa da buna görə ən azı mənəvi məsuliyyət var, çünki bir gün məlum olacaq ki, onlar da şərə, böhtana məruz qalıblar. İrana gəlincə o, hər zaman olduğu kimi bu dəfə də susacaq, çünki şərlənən, tutulan, ləkələnən və əziyyət çəkən Azərbaycanın vətəndaşlarıdır, İranın yox. Tehrandakı səfirliyimizin fəaliyyətinin dayandırılması təhlükəsizlik məsələlərilə əsaslandırılır, amma belə addımın özü yaxşı perspektivdən xəbər vermir. 

- İran-İsrail, İran-ABŞ, İran-Azərbaycan toqquşması başlaya bilərmi?

- İran-Azərbaycan toqquşması ehtimalı daha yüksəkdir və gördüyüm qədər də baş verənlərin arxasında duran məqsədlərdən biri də budur. Təbii ki, bunun ardınca da başqa tərəflərin münaqişəyə qoşulması şərtilə. Amma burada da həmin tərəflərin İsrail və ya ABŞ olacağından daha çox Rusiyanın ola biləcəyini ehtimal edirəm. Ən azı ona görə ki, İranın nə İsrail, nə də ABŞ-la fiziki təması yoxdur, Yaxın Şərqə can atan isə Rusiyadır. Belə görünür ki, Azərbaycanla Ermənistan arasında savaşı təzələmək mümkün olmadığından seçim Azərbaycan-İran münaqişəsini qızışdırmağın üzərinə düşüb.   

- Qərb İrana qarşı savaşa başlasa, Bakı anti-İran koalisiyasına qoşula bilərmi? Qoşulsa, hansı təhdidlər ola bilər, qoşulmasa hansı?

- Mən ölkəmizin hansısa savaşdan uduş qazanacağını düşünmürəm, ona görə də yaxşı olar ki, İranla münasibətlərini aydınlaşdırmaq istəyən istənilən ölkə bunu elə İran üzərindən etsin.  

- İran daxilində etirazlar davam edir. İranda nə baş verir? Teokratik rejim çökür? İran parçalanarsa, Güney Azərbaycan ideyası önə çıxa bilərmi? 

- Teokratik rejimin əsasları çoxdan laxlayıb və bu gün baş verənlər də həmin prosesin növbəti mərhələsidir. Qaldı rejimin siyasi çöküşünə, onun baş verməsində maraqlı güclərin olduğu görünmür. Elə olmasaydı, aylardır həmin rejimlə fədakarcasına mübarizə aparan insanlara real siyasi, maddi və texniki dəstək verilərdi. Bunu isə görmürük, hələlik hamı İrandakı rejim qurbanlarına göz yaşları axıtmaqla kifayətlənir. Deməli, Günay Azərbaycan mövzusu da ancaq müəyyən qədər irəli gedə bilər. Hələlik ancaq insanların düşüncəsində, şüurunda.  

- Kürdüstan qurulması nə dərəcədə realdır? Bunu kim istəyir? 

- Bunu bir çox ölkələr istəyir və hər biri də özünə uyğün coğrafiyada, amma onun da yaxın onilliklərdə olacağını deməyə heç bir əsas görmürəm. 

- Ukrayna savaşı şiddətlə davam edir. Müharibə nə vaxt və nə hansı şərtlərlə bitəcək? 

- Bu il bitəcəyi görünmür hələlik, çünki Ukrayna savaşında hər iki tərəfin (Rusiya və NATO) qlobal siyasətə təsirinin və nüfuzunun müqəddəratı həll olunur. Odur ki, müharibə yalnız tərəflərdən birinin resursları tükənəndə bitə bilər. Amma bu, hansısa kompromis sülhün mümkünlüyünü istisna eləmir. Belə variant isə yalnız savaş uzandıqca reallaşacaq. Əgər o, ümumiyyətlə mümkün olacaqsa.  

- Naxçıvanda baş verən dəyişiklikləri İran amili ilə əlaqələndirənlər var. Naxçıvanda nə baş verir?

- Naxçıvandakı dəyişikliklərin səbəbləri arasında daxili, hakimiyyətdaxili, xarici və hətta geosiyasi amillərin olması istisna deyil. İndi 3 onilliyə yaxındır orada baş verənlər haqda ən müxtəlif versiyalar və məlumatlar eşidirik, amma düşünmürəm ki, bunlarla kimisə təəccübləndirmək olar. Əslində isə sistem böhranı baş verir və bu böhranın bütün əlamətləriylə aydın görünməkdədir. Azərbaycandakı qeyri-institusional və irrasional idarəetmə sistemi artıq "avtonom rejimə” keçib. Bu isə o deməkdir ki, hər kəsi və hər şeyi idarə edən sistemdir, ona müdaxilə etmək və onu tənzimləmək imkanları isə tükənməkdədir. Bu, heç də yaxşı əlamət deyil və radikal addımlarla qarşısı qısa zamanda alınmazsa, proses xaos mərhələsinə keçə bilər. Xaosun da nə demək olduğunu məncə hər kəs yaxşı anlayır.

Azər Rəşidoğlu