Siyasət 19:03 25.01.2023

“İran başa düşür ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz” - Politoloq

"İran indiki halda öz maraqlarını ən azından İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təmin etmək üçün Bakı ilə daha normal dialoq qurmağa çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlmasında politoloq İlqar Vəlizadə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla, eyni anda Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehranın Bakıdakı səfiri Abbas Musəvilə görüşünü şərh edərkən deyib:

"Növbəti il üçün İƏT-ə sədrliyi Azərbaycan həyata keçirəcək. Bu qurumda Mərkəzi Asiya ölkələri, Pakistan, Əfqanıstan, İran, Azərbaycan və Türkiyə təmsil olunur. Təşkilatın gündəliyində olan əsas məsələ nəqliyyat kommunikasiyaları və iqtisadi münasibətlərin inkişafı ilə bağlıdır. İran indiki halda dünyadan təcrid olunub. Ona görə də Tehran regional təşkilatlardan maksimum yararlanmaq istəyir ki, vəziyyətini müəyyən qədər tənzimləsin. 

Bu mənada Tehran üçün İƏT əhəmiyyətli təşkilat sayılır. Azərbaycanla münasibətlırin gərgin olması isə ona təşkilatın potensialından hərtərəfli yararlanmağa imkan vermir. Azərbaycanın sədrliyi dönəmində kommunikasiyalar və regional dəhlizlər məsələsi aktual olaraq qalacaq. Çox güman ki, bu fonda İran da müəyyən təşəbbüslər irəli sürməyə çalışacaq. Ona görə də indiki halda İran öz maraqlarının ən azından təşkilat çərçivəsində təmin etmək üçün Bakı ilə daha normal dialoq qurmağa çalışır”. 



Hikmət Hacıyevin İranın Bakıdakı səfirilə görüşünə gəlincə, həmsöhbətimizə görə, burada ümumən münasibətlərin tənzimlənməsinə yönəlik dialoq olub:

"İki ölkənin iqtisadi münasibətlərinin inkişafı üçün münasib siyasi fon lazımdır. İki ölkənin siyasi fonu hazırda o qədər də yaxşı deyil. Ona görə də İran rəsmiləri öz təşəbbüslərinin regionda realizə edilməsi üçün müsbət siyasi fon yaratmağa çalışır. İran səfiri bəzi fərziyəyə görə Hikmət Hacıyevlə görüşdə, onun keçən həftə İsrail səfirilə görüşməsinə öz narahatlığını bildirib. Bu məsələnin qaldırılmasını da istisna etmək olmaz. Bütün hallarda İran artıq başa düşür ki, Azərbaycanla təzyiq dililə danışmaq olmaz. Ona görə də düşünürəm ki, Hikmət Hacıyevin səfirlə görüşündə münasibətlərin tənzimlənməsinə yönəlik müzakirələr aparılıb”. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüşdə regional və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib. Eyni gündə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüblər. Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.

Rüfət Sultan