Dünya 17:28 27.11.2022

İran parlamenti ŞƏT-ə üzvlüyünü təsdiqlədi

İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması ilə bağlı qanun layihəsini təsdiqləyib. Parlamentin açıq iclasında İran hökumətinin ŞƏT-ə qəbulu haqqında qanun layihəsi üzrə milli təhlükəsizlik və xarici siyasət komissiyasının hesabatına baxılıb. 

Qaynarinfo "Tasnim”a istinadən xəbər verir ki, İslam Şurasının nümayəndələri ŞƏT-ə daxil olmağı təsdiqləyib.

Sənədin qəbul edilməsinə 205 deputat səs verib.

"Təşkilatın gələcək məcburi hesab edilən sənədlərinə də konstitusiyaya uyğun olaraq parlamentdə baxılacaq", deyə parlamentin milli təhlükəsizlik komissiyasının sözçüsü Əbülfəzl Amui bildirib. O, izah edib ki, İran ŞƏT-ə üzv olmaq üçün təşkilat yaranandan bəri təsdiqlənmiş sənədləri tanımalıdır.

ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. Sonradan təşkilata Hindistan və Pakistan qoşulub, 2021-ci ilin ortalarında ŞƏT liderləri Düşənbədə keçirilən sammitdə İranın təşkilata tamhüquqlu üzv qəbul edilməsini təsdiq ediblər.

Sentyabrın 15-də İran Şanxay Əməkdaşlıq Təşkilatında öhdəlik memorandumu imzalayıb. Eyni zamanda, Misir və Qətər dialoq tərəfdaşı olub və Bəhreyn, Küveyt, Maldiv, Myanma və Birləşmiş Ərəb Əmirlikləri bu statusun alınması proseduruna başlayıb.

Nizami Bağırov