Siyasət 18:49 10.03.2023

İran Qarabağda nə etmək istəyir? (ŞƏRH)

"İran səhv mövqedədir. Çünki bu hərəkəti sonda Tehran rejiminin uğursuzluğu ilə sonuclanacaq. Nəticədə, İranla Azərbaycan arasında bütün münasibətlər sıfır səviyyəsinə enəcək. Düşmənimizin yanında yer alan və Azərbaycana qarşı müharibəyə başlayan bir ölkə bundan sonra heç bir halda Bakı ilə ən adi münasibətlərə belə layiq olmayacaq. Ona görə də Tehran rejimi bu mövqeyini bir daha gözdən keçirsə, daha yaxşı olar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev İranın Azərbaycanın ermənilər yaşayan Qarabağ bölgəsində terrorçu dəstələri yerləşdirmək planı barədə Türkiyə mətbuatının yazdığına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, 44 günlük müharibədən sonra bölgədə geosiyasi mənzərə dəyişib:

"Burada ən çox qazanan Azərbaycan və onun müttəfiqləri, Türkiyə, İsrail və Pakistan oldu. Ermənistan və onun müttəfiqləri isə itirdilər. Ən çox nüfuz itkisinə uğrayan isə İran oldu. Münaqişədən sonra Tehran bu itkilərini fərqli üsullarla qaytarmağa çalışdı. Bakı və Ankara ona qarşı sülh əlini uzatdı, 3+3 modelini təklif etdi. Lakin İran yenə də aqressiv münasibətini dayandırmadı. Təxribatlara yol verdi, sərhədimizdə hərbi təlimlər keçirdi, Zəngəzur məsələsində "qırmızı xətt” mesajını verdi, Qafanda konsulluq açdılar. İranın həmçinin Ermənistan vasitəsilə Qarabağa 600 ədəd raket göndərdiyi barədə məlumatlar da var. İran qeyri-rəsmi şəkildə Ermənistana hərbi ittifaq təklif edir”. 

Ekspertə görə, İranın belə bir təhlükəli əmələ əl atacağı gözləniləndir:
 
"Tehrandan ölkəmizə yönəlik bu kimi təhlükələrin olacağını gözləyirdik. Qərb kəşfiyyatı da son zamanlar vaxtaşırı olaraq İranın Qafqazda yeni müharibəyə başlamaq istəyi və Rusiyanın da ona dəstək verəcəyilə bağlı məlumatları yayır. Onun müəyyən elementləri də görünür. Lakin İran birbaşa şəkildə buna getməyə cürət etmir. Ona görə də, müharibəni Ermənistan üzərindən qızışdırmağa çalışırlar. Bununla da düşünürlər ki, Ermənistan üzərindən Azərbaycana zərbə vurmaqla əvvəlki mövqelərini bərpa edə bilərlər”. 

Qeyd edək ki, Türkiyənin nüfuzlu "Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib. Qəzet yazır ki, İran Qarabağı Suriyaya çevirmək planları üzərində işləyir. Bildirilir ki, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və silahlılardan ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. Bu məqsədlə Qüds Qüvvələrinin komandanı İsmail Kani fevral ayında İraq və Suriyaya səfər edib. İran generalı qaynar cəbhələrdə olan "Asaeb Əhlil Haq”, "Hərəkat ən-Nüceba” və "Hizbullah” kimi şiə qruplaşma komandirlərinə 4 min nəfərlik xüsusi qüvvə yaratmaq üçün yaraqlı hazırlamağı tapşırıb. 

Rüfət Sultan