Hüseynbala Səlimov
Dünya 12:49 26.12.2022

İran və iranlılar nə vaxt azad olacaq?

Yox, demək olmaz ki, artıq dördüncü aydır davam edən siyasi aksiyalar teokratik İran rejiminin liderləri üçün sürpriz oldu. Yox, bu cür aksiyalar, demək olar ki, həmişə olmuşdu. 

Xatırlayırıq ki, insanlar bir neçə il bundan əvvəl oxşar şüarlarla, o cümlədən "Bizi Fələstinin yox, öz problemlərimiz maraqlandırır!” şüarları ilə küçə və meydanlara çıxmışdılar. Amma onlar axıra qədər davamlı olmadılar, İran rejimi etirazları susdura bildi.

İndisə repressiyaların tam gücü ilə davam etməsinə, həlak olanların sayının beş yüzü ötməsinə və onların intensivliyinin qəti aşağı düşməməsinə baxmayaraq, demək olar ki, insanlar hər gün küçələrə axışır, ən müxtəlif şüarlar səsləndirirlər.

Hakimiyyət qocalar, yaşlılar və yeniyetmələr arasında fərq qoymur. Etiraz aksiyaları başlayandan bu tərəfə, demək olar ki, yüzə yaxın gənc və yeniyetmə həlak olub, qətlə yetirilib. Amma bunlar insanları qətiyyən dayandırmır. Onlar dayanmadan, açıq şəkildə teokratik rejimə, onun liderlərinə qarşı şıxış edirlər.

Dünyanın bütün ölkələri iranlıların son aksiyalarını azadlıq uğrunda mübarizə adlandırırlar. Bəli, azadlıq uğrunda mübarizə, dünyəvi siyasi rejimin bərqərar olması – siyasi aksiyaların tələbləri bunlardır. Amma ən müxtəlif siyasi müşahidəçilərin rəyinə görə, bu proseslər İranda yaşayan ayrı-ayrı xalqların azadlıq mübarizəsinə qədər gedib çıxa bilər.

Amma baxmayaraq ki, bütün siyasi müşahidəçilər etirazları azadlıq uğrunda mübarizə adlandırır, baxmayaraq ki, yerli siyasi analitiklər və politoloqlar İranın daha heç vaxt əvvəlki kimi olmayacağını, onun mütləq dəyişəcəyini deyirlər, ölkənin dini və siyasi liderləri güzəştlərə getməyə tələsmir, hansısa islahatlar aparmırlar.

İnsanların bir çoxu düşünürdü ki, etirazlar başlayandan bir az sonra əxlaq polisi ləğv ediləcək, ümumiyyətlə, islam inqilabı keşikçilərinin fəaliyyətinə son veriləcək. Amma bu, baş vermədi.

Bu strukturlar nəinki bu gün də fəaliyyətlərini davam etdirir, həm də hakim rejimin repressiya maşınının əsas "rıçaq”ları kimi qalırlar.
Onların ləğv edilməsi İranda dünyəvi rejimin bərqərar olması səmtində çox ciddi addım olardı. Amma hakim rejimin dini liderləri bunu istəyirmi? Bunu dini lider Əli Xameneyi arzulayırmı? Və yaxd da indiki prezident Rəisi bunu istəyirmi? Əlbəttə ki, yox.

Hazırki dini, teokratik rejim islam inqilabının sayəsində bərqərar olub və əgər ölkə rejimin dünyəviləşməsinə istiqamət göstərsə, bu, indiki siyasi rejim üçün əsl fəlakət olar. Odur ki, İranın ruhani liderləri qətiyyən geri çəkilmək istəmirlər, hərçənd, onların ayrı-ayrı təmsilçiləri artıq mövcud rejimin əleyhinə çıxıb və onu islahatlara başlamağa çağırıb.

Bir sözlə, proses davam edir, hakimiyyətlə etirazçıların qarşıdurması artır. Onların heç biri güzıştə getmir. Düzdür, aksiyaların gedişində bir xaotiklik duyulur, konkret siyasi təşkilatlar, liderlər görünmür. Prinsipcə, bu, yeni inqilabların hamısının ümumi xususiyyətidir,- onların hamısının hərəkətverici qüvvəsi internet və sosial şəbəkələr sayılır. Etiraf edək ki, bizə İrandakı internetin səviyyəsi məlum deyil, zənnimizcə, burada da çox böyük məhdudiyyətlər var.

Amma hələ "ərəb baharları”ndan internet və sosial şəbəkələr etiraz aksiyalarının əsas faktorları, demək olar ki, onların təşkilatçıları və əsas təşviqatçıları kimi çıxış edirlər. Aydın məsələdir ki, rejimə siyasi liderlər və təşkilatçılar məlum olsa, dərhal repressiya maşını işə düşəcəkdir. Bir az əvvəldə qeyd etdik ki, repressiya maşını tam gücü ilə işləyir. Amma ki, o, fövqəlgücə malik deyil. Müasir politologiyada belə hesab edilir ki, insanlar özlərində ləyaqət hissi duyanda inqilablar başlayır. Bu mənada İran cəmiyyəti və onun ayrı-ayrı fərdləri azadlığa layiqdir. Bundan savayı, inqilabın keçmiş düsturu var: "yuxarılar” bacarmır, "aşağılar” isə istəmir. 

İnsanlar artıq İranın liderlərindən üz çevirirlər, onlara qarşı hətta yaxınları və qohumları çıxır. Bu, o deməkdir ki, rejimin sonu yaxınlaşır və iranlıların, İranın azad olacağı gün heç də uzaqda deyil...

Hüseynbala Səlimov