Siyasət 13:58 09.02.2023

"İranla Ermənistan təxribat törədə bilər, amma bu halda özlərini intihar gözləyəcək" (ŞƏRH)

"Azərbaycan-Türkiyə əməkdaşlığı fonunda ölkəmizə qarşı kənar təxribatlar baş tutmayacaq ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistanın İranla birlikdə Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığı barədə informasiyanı şərh edərkən deyib. Onun fikrincə, İranla Ermənistan Azərbaycana qarşı təxribat törətməyə özlərində cəsarət tapa bilməz:

"İran və Ermənistanın Azərbaycana qarşı hansısa bir təxribat törətməsi gözləniləndir. Bu ölkələrdən belə addımlar gözləmək olar. Çünki mövcud vəziyyətdə Azərbaycanın təhlükəsizliyini üçün bu iki ölkə ciddi təhlükə mənbəyidir. Azərbaycan bunun fərqindədir və ona qarşı adekvat tədbirlər görməyə də qadirdir. Onların bu təxribatı barədə deyilənlər reallığa söykənmir, baş tutan deyil. Çünki bölgədə Azərbaycan-Türkiyə reallığı mövcuddur. Belə bir reallıq fonunda İranla Ermənistan həmin addımı atmaq üçün özlərində cəsarət tapa bilməzlər. Çünki başa düşürlər ki, bu halda özlərini intihar gözləyəcək. Qərb ölkələri, ABŞ, İsrail də bu məsələdə Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Digər tərəfdən, Azərbaycanın hərbi imkanları da bu kimi təxribatların qarşısını anındaca almağa qadirdir”. 



Həmsöhbətimizə görə, bu informasiya sadəcə çəkindirici xarakter daşıyır:
 
"Ermənistanın sülh sazişində maraqlı olmadığına, danışıqları sabotaj etməsinə və prosesdə turbulent vəziyyət yaratmağa hesablanmış addımdır. Həmin təxribat sadəcə olaraq, Azərbaycanı öz sülh şərtlərindən müəyyən qədər geri çəkilməyə sövq etməyə və İrəvanın danışıqlar prosesində mövqeyinin möhkəmləndirilməsinə hesablanmış hədə-qorxu gəlmə xarakterli informasiyadır. Ermənistan rəhbərliyi bir tərəfdən guya danışıqlara sadiq olduğunu göstərir, digər tərəfdən isə belə təxribatçı məlumatlar ötürür”.

Qeyd edək ki, bəzi media orqanları diplomatik mənbələrdən daxil olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat həyata keçirməyi planlaşdırdığını bildirib. İddiaya görə, təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
 
Rüfət Sultan