Xəbər lenti

Ölkə 09:30 27.06.2023

İranlının sifarişi ilə Bakıya avtomat gətirirdi, tutuldu (FOTO)

Ucarda xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Qaynarinfo-ya verilən xəbərə görə, Ucarın Qarabörk kəndi ərazisində saxlanılan Elşən Əzimovun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı "AK-74" markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu "Əkbər" adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o, polis əməkdaşları tərəfindən yaxalanıb.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıblar. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E. Əzimov vvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?