Dünya 10:00 01.03.2024

İrlandiya prezidenti xəstəxanaya yerləşdirildi

İrlandiya prezidenti Maykl Hiqqins cümə axşamı özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo bu barədə RTE telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, həkimlər ilkin olaraq 82 yaşlı dövlət başçısını Dublindəki Phoenix Parkdakı iqamətgahında müayinə ediblər. İlkin müayinə həkimlərdə narahatlıq yaratmasa da, Maykl Hiqqins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı daha sonra məlumat veriləcək.

Telekanal qeyd edir ki, bir gün əvvəl İrlandiya prezidenti peşəkar sahədə yüksək nailiyyətlərinə görə Dublin Beynəlxalq Film Festivalı mükafatını britaniyalı rejissor Stiv Makkuinə təqdim edib, həmçinin bir sıra görüşlər keçirib.

Qeyd edək ki, Maykl Hiqqins ikinci müddətə prezident seçilib. Ölkədə seçkilər 7 ildən bir keçirilir. Növbəti seçkilər 2025-ci ilə təyin edilib. İrlandiya Respublikasının 35 yaşına çatmış vətəndaşı prezident vəzifəsinə seçilə bilər. İrlandiya prezidenti xalqın gizli səsverməsi ilə seçilir. Prezident vəzifəsini tutan və ya əvvəllər bu vəzifəni tutmuş şəxs bir dəfə bu vəzifəyə yenidən seçilmək üçün müraciət edə bilər. Qeydiyyatdan keçmək üçün prezidentliyə namizəd ən azı 20 parlament üzvü və ya ən azı 4 şəhər və ya rayon şurası tərəfindən irəli sürülməlidir.

Bundan əvvəl Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor İrlandiyada keçiriləcək prezident seçkilərində iştirak etmək imkanını qəbul etdiyini bildirib. 

Aydın