Xəbər lenti

Ölkə 10:48 27.04.2024

İşğala qarşı dirəniş tariximizi öyrənməliyik!

Anar Əsədli

Bu işğal bizim dövlətçilik tariximizdə şübhəsiz ki, bir qara ləkədir və bunun izləri uzun zaman silinməyəcək. İşğalın heç bir zaman müsbət tərəfi ola bilməz.

Təsəvvür edin biz sovet tərəfindən işğal olunmasaydıq, bu gün dövlət olaraq, hansı gücün sahibi idik? 

Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaqdan mərhum oldu. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum oldu. 

Məhz bu səbəbdəndir ki, Bakının mərkəzində hələ də Nəriman Nərimanovun, Ayna Sultanovanın  heykəlləri qalır. Buna etiraz edən insanlara isə bir cavab var – Nərimanov milli adam idi. Paradoksdur ki, milli Dövlətin işğalında, milli üçrəngli bayrağın endirilməsində rolu olan, "Azərbaycanın səadəti Rusiyaya bağlıdır" deyən adam necə milli adam olur? Cümhuriyyətin işğalında, soyqırımı törədən ermənilərlə birbaşa əlbir olaraq, bolşeviklərə ötürülməsində israr edən Nərimanovun hansı milli heysiyyata sahib olduğundan söz açmaq maraqlı deyilmi?

Bax, sovet müstəmləkəsi bizə Nərimanovları sevdirəcək təfəkkürdə nəsli yetişdirdi, bundan böyük zərər ola bilməzdi. 

Hələ də bu gün xatirələrində sevə-sevə sovet dövrünün nostaljisini yaşayan insanlarımız var. Bundan artıq nə faciə olmalı idi ki? 

Yuxarıda da qeyd etdiyim kimi, xalqın siyasi tərbiyəsinin zəif olması onunla nəticələnir ki, 33 ildir, dövlət quran xalqın dövlətin gələcəyi ilə bağlı istənilən bir fikrə yanaşması əksər hallarda mədə prizmasındandır. 

Və bu gün müstəqil ölkənin vətəndaşları kimi bir daha belə hallarla qarşılaşmamaq, dövlətimizin daim müstəqil, vətəndaşlarının hürr və azad olmasından ötrü bütün təhlükələri dəf etməyə hazır olmaq üçün İŞĞAL TARİXLƏRİMİZİ çox yaxşı bilməliyik. 

Özəlliklə işğala qarşı dirəniş tariximizi öyrənməliyik. 

Xanlar Bayramovun müəllifi olduğu "Gəncə Üsyanı -  1920: sənədlər və materiallar" kitabı haqqında bir dəfə yazmışam, amma olsun, məhz bu gün bir daha təkrar etməkdə fayda var. Çünki bu gün 27 apreldi. Bu kitabı mütləq alıb oxuyun və uşaqlarınıza da oxuması üçün mütləq tövsiyə edin. Gələcəyimiz üçün oxumaları hava və su kimi vacibdi.

İlk dəfə bu kitabda Azərbaycanın işğal edilməsinə, dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın və yüksək rütbəli cümhuriyyət ordusunun zabitlərinin üsyanı və müqaviməti haqqında sənədlərlə, faktlarla yazılır. Cümhuriyyətimizin süquta uğraması ilə barışmayan zabit və əsgərlərimizin Gəncə üsyanında tarix yazaraq millətimizin adına şərəfsizlik ləkəsinin düşməsinə macal vermirlər. Biz həm də ona görə bu tarixi bilməli və uşaqlarımıza oxutmalıyıq ki, dədə-babalarının öz yerini, haqqını tanıyan, boyun əyməyən, tabe olmağa nifrət edən, azadlığı, müstəqilliyi uğrunda savaşan bir xalqın fərdləri olduğunu anlayıb, dərk etsinlər.

Üsyan - Böyük Gücün qarşısına kiçik güclə çıxmaqdır. Üsyançıların amalı, ölüm-qalım savaşı təkcə yaşadığı vaxta deyil, gələcəyə hesablanır. Gəncə üsyanı isə dərsdir. Bu dərsdən həm özümüz nəticə çıxarmalıyıq, həm də uşaqlarımızı yaxşı öyrətməliyik, yoxsa çox uduzacağıq. 
Ənənə üzərində tərbiyə olunmayan xalq, təcavüzkar qonşulara qarşı mübariz ola bilməz. 

Üsyan 11-ci Qızıl Ordu tərəfindən yatırılsa da, bolşeviklər bir həqiqəti görür və anlayırlar ki, Azərbaycan türkləri döyüşsüz təslim olmurlar. Və bu savaşdan sonra Azərbaycan ordusunun 12 generalı, 27 podpolkovniki, 46 kapitanı, ştabs-kapitanı, poruçik və podporuçiki, 413 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələnir. Təkcə Nargin adasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirilir. (Kitabdan kiçik bir statistika)

General Məhəmməd Mirzə Qacar, general Cavad bəy Şıxlınski, general Teymur bəy Novruzov, general Xudadat bəy Rəfibəyov və bütün Gəncə üsyanı şəhidlərimizin və bütün 28 aprel qurbanlarının ruhları qarşısında baş əyir, sonsuzadək sevgi və ehtiramımı bildirirəm!

27 aprel tarixi nifrətlə xatırlansın! 

Yaşasın 28 May!!!
Yaşasın Cümhuriyyət!!!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->