Siyasət 19:06 28.07.2022

“İslam səkkizliyi”: Quruma üzvlük Azərbaycana nə vəd edir? - Ekspert

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV 100"ə müsahibəsində bildirib ki, Azərbaycan D-8 ("İslam səkkizliyi") təşkilatına üzv olmaq üçün müraciət edib. 
 
"Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız, təşkilatı genişləndirməyimiz lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların  konkretləşməsi lazımdır”, deyə XİN başçısı bildirib. 

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. D-8-in əsası 1997-cı ildə Türkiyənin dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyənin əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub. 

Bu təşkilata üzvlük Azərbaycana nə vercək?
 
Məsələ barədə Qaynarinfo-ya danışan siyasi şərhçi Vüqar Zifəroğlu düşünür ki, Azərbaycanın təşkilata qoşulması müxtəlif iqtisadi layihələrdə həmin ölkələrlə əməkdaşlıq imkanlarımızın genişlənməsinə gətirib çıxara bilər:

 
 
"D-8 təşkilatında 8 İslam ölkəsi təmsil olunur. Təşkilat əsasən iqtisadı əməkdaşlığı ön plana çəkir. Müxtəlif sahələrdə maraqlı iqtisadi əməkdaşlıq formatı quran bir təşkilatdır. Bu mənada kifayət qədər ciddi iqtisadi layihələrə imza atan Azərbaycanın da ora qoşulması müxtəlif iqtisadi layihələrdə həmin ölkələrlə əməkdaşlıq imkanlarımızın genişləndirilməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycan burada olmaqla təşkilat formatında bir sıra layihələr də ortaya qoya bilər. Nəzərə alaq ki, burada Türkiyə və Pakistan kimi müttəfiqlərimiz də təmsil olunur. Hər iki ölkə Azərbaycanla strateji müttəfiq ölkələrdir. 

Təşkilatın özü də Türkiyənin təşəbbüsü ilə yaranıb. İran isə qonşu ölkədir. Yəni ayrı-ayrılıqda orada təmsil olunan dövlətlərlə iki tərəfli münasibətlərimiz var. Burada təmsil olunan iqtisadi potensialı və əhalinin sayı baxımından kifayət qədər böyük dövlətlərlə əlaqə qurmağımız ölkəmiz üçün olduqca əhəmiyyətli olar. Azərbaycanın orada təmsil olunması ölkəmiz üçün bir sözlə, müsbət addım olardı. Qurumun kifayət qədər təsir imkanları da var. D-8-də təmsil olunmağımız Azərbaycana ən azından iqtisadi baxımdan əlavə imkan və perspektivlər vəd edir”. 

Rüfət Sultan