İdman 15:14 26.10.2022

İspaniyadan Qətərə gedən azarkeş İranda yoxa çıxıb

İspaniyadan Qətərə piyada gedərək noyabrda keçiriləcək dünya çempionatını izləməyi qarşısına hədəf qoyan azarkeş Santyaqo Sançes İranda yoxa çıxıb.

Qaynarinfo xəbər verir ki, İspaniya millisini dəstəkləmək üçün Madriddən Qətərin paytaxtı Dohaya getməyi planlaşdıran Sançes üç həftə əvəl İrana keçib və orada yoxa çıxıb. Ailəsi, həmin vaxtdan bəri Sançesdən xəbər almadığını açıqlayıb. 

Keçmiş paraşütçü və çılğın futbol azarkeşi kimi tanınan təcrübəli səyyah son doqquz ayda 15 ölkəni gəzib. Səyahəti ilə bağlı instaqram hesabında paylaşımlar da edən Sançesin sonuncu dəfə İraqda göründüyü bildirilib. 41 yaşlı azarkeş daha əvvəl Qətərə səfərinin məqsədi İspaniya millisinin noyabrın 23-də keçiriləcək ilk oyununa yetişmək və Qətərə çatana qədər başqalarının necə yaşadıqlarını öyrənmək olduğunu demişdi. İraqın Süleymaniyyə şəhərində verdiyi müsahibədə o, "Səyahətdə məqsəd digər insanları çox az şeylə daha da irəli gedə biləcəklərini göstərmək üçün həvəsləndirmək və ruhlandırmaqdır" - sözlərini söyləyib.

Sançesin ailəsi sonuncu dəfə oktyabrın 2-də, İraq-İran sərhədini keçdikdən 1 gün sonra səsli mesaj vasitəsilə ondan xəbər tutub. Bir televiziya kanalının ondan müsahibə almaq istədiyini deyən Sançesin İranın paytaxtı Tehrana getməyi planlaşdırdığı öyrənilib. Onun növbəti addımı ölkənin cənubundakı liman olan Bəndər Abbas idi. Daha sonra o, qayıqla Qətərə yollanacaqdı.

Oğlundan uzun müddətdir xəbər almadıqlarına görə narahat olduqlarını bildirən Sançesin anası Selia Koqedor açıqlamasında dayanmadan ağladaqlarını deyib. Sançesin ailəsi oktyabrın 17-dən etibarən itkin düşən övladları haqda polisə hesabat təqdim etdiklərini və polisin məsələ ilə maraqlandığını da açıqlayıb. 

Sançes 2019-cu ildə İrandan keçərək Madriddən Səudiyyə Ərəbistanına oxşar marşrutla velosiped sürmüşdü. Sözügedən şəxs iyulun 12-də İstanbula da gedib. Həmin vaxt bəzi yutub kanallarına müsahibə verən Sançez avqustun 4-də İzmir Böyükşəhər Bələdiyyəsinin ətraf mühitin təmizlənməsi ilə bağlı maarifləndirmə təşkilatına da qatılıb.

Səbuhi Həsənov