Dünya 10:35 31.01.2024

İsrail Quterreşdən BMT baş katibi postunu tərk etməyi tələb edir

İsrailin xarici işlər naziri İsrael Katz hesab edir ki, Antonio Quterreş BMT baş katibi vəzifəsindən istefa verməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu bəyanat İsrailin oktyabrın 7-də HƏMAS hücumunda BMT-nin Yaxın Şərq regionunda Fələstinli Qaçqınlara Yardım Agentliyinin  (UNRWA) 12 əməkdaşının əli olması ilə bağlı ittihamlardan sonra verilib.

"Əlbəttə, BMT-nin baş katibi kimi onun məsuliyyəti var. Quterreş istefa verməlidir, ya da BMT onu əvəz etməlidir”, - Katz vurğulayıb.

Xatırladaq ki, keçən ilin oktyabr ayında Quterreş HƏMAS hücumunun "vakuumda baş vermədiyini" deyib və İsraili "56 il boğucu işğalda" ittiham edib.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsi İsrailə Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı müharibə zamanı "soyqırım aktlarının qarşısını almaq” üçün bütün mümkün tədbirləri görməyi əmr edib.

Bunun müqabilində İsrail bildirib ki, HƏMAS məğlub edilməmişdən əvvəl Qəzza zolağında atəşkəs rejimi yaraqlılara "yenidən silahlanmağa və növbəti vəhşiliklər törətməyə” imkan verəcək.

Nizami Bağırov