Dünya 17:14 10.12.2022

İsveç və Finlandiya parlamentlərinin sədrləri Türkiyəyə gəlir

İsveç və Finlandiya parlamentlərinin spikerləri 2023-cü ilin yanvarında ölkələrin NATO-ya üzvlüyü məsələsini müzakirə etmək üçün Türkiyəyə gələcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məlumat verib.

"İsveç və Finlandiya bir sıra vədlər verib. Biz prosesi izləyirik. İki ölkə parlamentinin rəhbərləri yanvarda Türkiyəyə səfər edəcəklər. Onların pozitiv və qətiyyətli olduqlarını görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq, bunun üçün onlar konkret addımlar atmalıdırlar”, - Mustafa Şentop "CNN Türk" telekanalının efirində bildirib. 

Rusiyanın Ukraynadakı müharibəsinə görə Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəliblər. Türkiyə onların ittifaqa girməsinə razılıq vermək üçün şərtlər irəli sürür. Onların arasında orada terror təşkilatı sayılan Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin Türkiyəyə ekstradisiyası da var. Dekabrın əvvəlində Türkiyə hakimiyyəti şərtlərin hələ də yerinə yetirilməməsindən şikayətlənib.

Dekabrın 3-də İsveç hakimiyyəti PKK-ya üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə təhvil verib. Onun vəkili bildirib ki, o, ekstradisiya qərarının yenidən nəzərdən keçirilməsində israr etməyə çalışıb, lakin isveçli hüquqşünaslar bundan imtina ediblər.

Nizami Bağırov