İdman 14:08 27.02.2023

İsveçli idmançıdan yeni dünya rekordu - 6,22 metr

İsveçli olimpiya çempionu Armand Duplantis kişilər arasında dirəklə tullanma yarışlarında 6,22 metrlə öz dünya rekordunu yeniləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dünya Atletika Assosiasiyası məlumat yayıb.

Duplantis Fransanın Klermon-Ferran şəhərində keçirilən "World Indoor Tour" yarışında yeni rekord müəyyənləşdirib. Dayaqla tullanma tarixinin ən istedadlı idmançısı kimi göstərilən Tokio-2020 olimpiadasının çempionu 6-cı dəfə rekord qırıb. 

İlk dəfə 2020-ci ilin fevralında Torunda 6,17 metr, bir həftə sonra Qlazqoda 6,18 metr hündürlüyə tullanan 23 yaşlı idmançı növbəti dünya rekordu üçün iki il gözləməli olub. 2022-ci il martın 7-də Belqradda 6,19 metrlik göstərici əldə etməsindən 13 gün sonra həmin şəhərdə qapalı məkanda keçirilən atletika üzrə dünya çempionatında rekordunu 6,20 metrə yüksəldərək qızıl medal qazanıb.

Dörd ay sonra isveçli atlet Oreqonda keçirilən atletika üzrə dünya çempionatında 6,21 metr hündürlüyə tullanaraq, ilk dəfə açıq havada uğura nail oldu. Nəhayət bu yaxınlarda Duplantis Klermon-Ferranda kişilər arasında dirəklə tullanmada 6,22 metrlik dünya rekordu müəyyənləşdirib.

Səbuhi Həsənov