Dünya 19:51 13.05.2023

İsveçrə "neytrallığı"nı itirdi: Ukraynaya silah ixracına icazə verildu - KİV

İsveçrə parlamenti ölkə liderinin apreldə Stokholmun bu məsələdən "kənarda” qalacağını bəyan etməsindən sonra Ukraynaya silahların təkrar ixracına icazə verib. Ölkə 1815-ci ildən dünya siyasətində "neytral” statusa malikdir.

Qaynarinfo bu barədə "Euronews" istinadən xəbər verir

O cümlədən, İsveçrə parlamentinin hər iki palatası - Milli Şura və Kantonlar Şurası hərbi texnika haqqında qanuna dəyişiklik edilməsinə səs verib. Dəyişikliklər gələcəkdə Ukraynaya hərbi materialların tədarükünə imkan verməlidir.

Əvvəllər bu qanun İsveçrədən üçüncü ölkələrə silah və sursatların ötürülməsini qadağan edirdi. Buna görə də indiyədək xaricdən alınan silah və sursatlar silahlı münaqişə vəziyyətində olan ölkələrə ötürülə bilməzdi.

İsveçrə keçmişdə Almaniyanın "Gepard" zenit tankı üçün mərmi tələbini təsdiqləməkdən imtina edib.

"SwissInfo"nun mayın 12-də verdiyi məlumata görə, aylarla İsveçrə silahlarını Ukraynaya təkrar ixrac etməkdən imtina etdikdən sonra parlamentin təhlükəsizlik siyasəti komitəsi silah ixracına nəzarətin yumşaldılmasını tövsiyə edib.

İspaniya, Danimarka və Almaniya kimi ölkələr artıq bir ildən çoxdur ki, İsveçrədən Ukraynaya silah ixracına icazə verilməsini xahiş edirlər.

Cümə axşamı komitə İsveçrə silahlarının təkrar ixracı ilə bağlı qaydaları yumşaltmaq üçün iki qərarı dəstəkləyib.

Qərarlardan biri "xüsusi hallarda və milli təhlükəsizliyin təmin edilməsi üçün zəruri hallarda” hərbi texnikanın ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

İkincisi, bu, "dəyərlərimizə sadiq olan və İsveçrəyə oxşar ixrac nəzarəti olan" ölkələrə silah tədarükünə icazə verə bilər.

Alıcılar müəyyən şərtlərlə beş ildən sonra İsveçrə silahlarını yenidən ixrac edə bilərlər. İnsan hüquqlarını kobud şəkildə pozan və ya mülki şəxslər üçün risk yaradan ölkələrə təkrar ixracın qarşısı alınacaq. Bu, İsveçrə istehsalı olan silahların Rusiyaya deyil, Ukraynaya təkrar ixracına imkan verir.

Qeyd edək ki, ölkə 1815-ci ildən bəri üçüncü ölkələrə silah ixracı məsələsində "neytrallığı” qoruyub.

Aydın