İdman 15:40 22.11.2023

"İtaliya Ukraynanın qələbəsini oğurladı" - "Napoli"nin prezidenti

İtaliya futbolunun nəhəngi "Napoli"nin prezidenti Aurelio De Laurentis 2024-cü il Avropa çempionatına seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - İtaliya matçında (0:0) əsas məqamla bağlı təəssüratlarını bölüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Football Italia” nəşri yazır.

Funksioner hesab edir ki, görüşün baş hakimi ikinci hissədə əsas vaxta əlavə olunan dəqiqələrdə Mixaylo Mudrilə qarşı edilən kobudluğa görə İtaliya yığmasının qapısına penalti təyin edilməli idi.

"Dünən gecə İtaliyanın Ukraynanı qarət etdiyi kimi heç kim heç bir komandanın belə qarət edildiyini görmək istəmir. Ukraynalılar mütləq penalti qazanmalı idilər. İtalyanlar yaxşı oynadılar, izlədiyim əksər vaxtlardan daha yaxşı oynadılar. Onlar vəsiqə qazanmağa layiq idilər.

Ukraynanı müharibə motivasiya edirdi, onların arzuları var idi, amma həyata keçmədi. Yenə də, əgər hər şey asan olsaydı, bu, arzular olmazdı", deyə Football Italia” klub prezidentindən sitat gətirir.

Qeyd edək ki, bir çox italyan mütəxəssislərinin fikrincə, oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Mudriklə bağlı mübahislə epizodda hakim penalti zərbəsi təyin etməli idi. 

Bununla bağlı İtaliya millisinin lideri və qapıçısı Canluici Donnarummanın fikirləri maraqla qarşılanıb. İtaliya yığmasının kapitanının sözlərinə görə, hakimin 11 metrlik işarəni göstərmək üçün hər cür əsası var idi.

"Meydanda vəziyyəti başa düşmədim. Təkrara baxdım və fikrimcə, penalti də ola bilərdi. Amma yaxşı ki, hər şey belə bitdi”, deyə Canluici Donnarumma bildirib.

Xatırladaq ki, Ukrayna yığması 2024-cü il Avropa çempionatına qatılma şanslarını hələ də saxlayır. Onlar vəsiqə uğrunda UEFA Millətlər Liqasının play-off mərhələsində mübarizə aparacaq. 

Nizami Bağırov