İdman 10:57 05.06.2023

Joze Alesionun Azərbaycan macərası bitir? - Futzalımız yeniliklər astanasında

Futzal millimizin baş məşqçisi Joze Alesio Da Silvanın Azərbaycan macərası bitmək üzrədir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, böyük ehtimalla AFFA-nın İcraiyyə Komitəsinin növbəti clasında braziliyalı mütəxəssislə müqavilənin uzadılmaması barədə qərar veriləcək. 

Uzun illərdir həm millimizə, həm də futzal üzrə yüksək liqada "Araz-Naxçıvan”a rəhbərlik edən "sambaçı”nın son vaxtlar gördüyü işlər tənqidlərlə qarşılanır. Xüsusən də yığmanın son illərdəki uğursuzluqları Alesionun bundan artığını bacarmadığının göstəricisidir. 

Onun "Araz-Naxçıvan”dan göndərilməsi isə artıq çox şeydən xəbər verir. Güman ki, milli ilə də yolları ayrılacaq braziliyalı mütəxəssisin Azərbaycan karyerası bununla da başa çatacaq. "Araz-Naxçıvan”ın yeni baş məşqçisi Vitali Borisovun millinin də "sükanı” arxasına gətirilməsi istisna olunmur. Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında veriləcək.

Səbuhi Həsənov