Dünya 16:37 16.04.2023

Kadırov əsir düşən döyüşçülərindən incidi və onlara günah yumaq yolunu göstərdi

Çeçenistan rəhbəri Ramzan Kadırov döyüşçülərini ukraynalılara əsir düşməkdə günahlandırıb və əsirlərin mübadiləsindən sonra onlarla görüşə getməyib.

Qaynarinfo "Pravda"ya istinadla xəbər verir ki, bu barədə Kadırov "Telegram"da yazıb.

"Beş çeçen döyüşçü Ukrayna əsirliyindən Qroznıya qayıdıb.

Jurnalistlər bu barədə nə düşündüyümü soruşdular. Hesab edirəm ki, çeçen əsgərinin əsir düşməsi üçün heç bir səbəb olmamalıdır.
Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını sübut etməlidir. Siz isə cəbhə xəttinə qayıtmaqla bunu sübut etməlisiniz.

Ona görə də qayıdanlarla görüşmədim. Bu, təkcə fərdi döyüşçü üçün deyil, həm də bütün bölmənin, döyüşçülərin xidmət etdiyi bütün alayın şərəf məsələsidir. Döyüşdən qaçmadıqlarını, düşmənlə qarşılaşmaqdan qorxmadıqlarını və silahı yerə qoyub güllələrdən xilas olmaq üçün fürsət axtarmadıqlarını sübut etsinlər.

Təbii ki, əsirlik cinayət deyil. Mən başa düşürəm. Və döyüşçülərin sağ qalmasına şadıq. Əsir düşməzdən bir saat əvvəl onlar radio ilə əlaqə saxlayıb, döyüş sursatlarının tükəndiyini bildiriblər. Ancaq hər bir döyüşçü sadəcə təsadüfi atəş açmamalı, hər atəş üzərində düşünməli, hər patronun qayğısına qalmalıdır. Başa düşürəm ki, bu da mənim günahımdır, onlar belə vəziyyətə kifayət qədər hazırlıqlı olmayıblar və döyüşçünün silah-sursatını planlaşdırmalı olduğunu tam başa düşməyiblər”.

Kadırovun sözlərinə görə, indi döyüşçülərin "özlərinə, yoldaşlarına, komandirə və bütün ölkəyə əsirliyin məcburi addım olduğunu sübut etmək şansı var”.

Xatırladaq ki, Ukrayna və Rusiya Pasxa münasibətilə böyük məhbus mübadiləsi keçirib.
 
Alpər