Dünya 18:00 31.10.2023

Kadırovdan iğtişaşçılarla bağlı əmr: “Dördüncü gülləni alnından vurun!”

Çeçenistanın rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının iğtişaşların təhrikçilərinə qarşı necə sərt davranmaq lazım olduğunu deyib. Onun fikrincə, cinayətkar üç xəbərdarlıq atəşinə reaksiya verməzsə, gülləni alnından vurmaq lazımdır.

Qaynarinfo xəbər verir ki, Kadırov Çeçenistan hökumətində keçirilən görüşdə Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının nümayəndələrinə müraciət edərək, iğtişaşların təhrikçilərinin dərhal saxlanmasına çağırıb. Başqa bir variant kimi o, havaya üç xəbərdarlıq atəşi açmağı təklif edib. 

"Bundan sonra insan qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Onlar bir daha ayağa qalxmayacaqlar” deyən Çeçenistan rəhbəri, bunun öz "əmri” olduğunu vurğulayıb.

Kadırov özünün Telegram kanalında Dağıstandakı iğtişaşlarda "düşmənlə mübarizə aparmaq” istəyənləri Ukraynaya qarşı döyüşə getməyə çağırıb. "Düşmənlə mübarizə aparmaq üçün belə bir qeyrət və istək varsa, mən bunu ancaq alqışlayıram! Amma bunu düzgün istiqamətə - Ukraynaya yönəltmək lazımdır. Bunlar oradakı eyni qüvvələrdir, əsl satanistlər, faşistlər və İblisin xidmətçiləridir, fələstinlilərin öldürülməsinə dəstək verirlər”, - deyə yazıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də Fələstinə kömək etmək istəyənləri Şimal Hərbi Dairəsinə getməyə çağırmışdı.

Öz növbəsində, Dağıstanın rəhbəri Sergey Melikov respublika sakinlərinə videomüraciətində Mahaçqala hava limanında iğtişaşlara görə məsuliyyət daşıyanların hamısının "laiqli cəza alacaqlarını” bildirib.

Xatırladaq ki, ötən bazar günü Mahaçqala hava limanında bir qrup vətəndaş Tel-Əvivdən uçan təyyarənin uçuş zolağına çıxmasından sonra iğtişaşlar baş verib.

Alpər