Xəbər lenti

Dünya 13:09 24.04.2024

Kim Çen Inın bacısı Cənubi Koreya rəsmilərini hürəyən itə bənzətdi

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edəcəyi təqdirdə Cənubi Koreyanın məhv ediləcəyinə söz verib.
 
O, cənubi koreyalı məmurları itlərlə müqayisə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. 

Kim Yo Çjonun sözlərinə görə, ABŞ da daxil olmaqla, regiondakı vəziyyət "düşmən qüvvələrin daimi hərbi manevrləri səbəbindən təhlükəli burulğana daha da girir”. O, Vaşinqtonu "öz xüsusi xidmətçiləri olan koreyalıların ehtiyatsız cəsarətini təşviq etməməyə” çağırıb.

"Əlbəttə, bilirəm ki, qorxmuş it yaxşı hürür, lakin son vaxtlar Koreyanın marionet ordusunun liderləri həddindən artıq çox hürürlər. Əgər onlar öz rəhbərlərinə güvənmək və bizə qarşı güc tətbiq etmək istəsələr, dərhal məhv ediləcəklər”, - deyə KXDR liderinin bacısı bildirib.

O, ABŞ-ın "tabeliyində olanları toplamağa, gücü ilə öyünməyə və Şimali Koreyanın təhlükəsizliyini təhdid etməyə” davam edərsə, ABŞ və müttəfiqlərinin təhlükəsizliyinin "daha böyük risklərlə üzləşəcəyi” ilə hədələyib. "Biz suverenliyimizi, təhlükəsizliyimizi və regional sülhü qorumaq üçün ən böyük hərbi güc toplamaqda davam edəcəyik", - Kim Yo Çjon əmin edib.

Xatırladaq ki, aprelin 22-də Şimali Koreya şərti nüvə əks-hücumunu həyata keçirmək üçün ilk hərtərəfli taktiki təlimini keçirib və Pxenyan bunu "düşmənlərin təxribatçı hərbi hərəkətləri" fonunda "aydın xəbərdarlıq siqnalı" kimi təqdim edib. Bu həftə Vaşinqton və Seul Cənubi Koreyada ABŞ-ın 28 500 hərbi kontingentinin saxlanması xərclərinin yeni bölgüsü ilə bağlı danışıqlar aparacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->