Amal Abuşov
İdman 11:31 07.04.2023

Kimə baxacaqlar, kimi istəyəcəklər, kimi göndərəcəyik?

Hamımızın sevə-sevə izlədiyi "Bəxtiyar” filmində belə bir epizod var. Mədəniyyət klubunu yoxlamaq üçün komissiya gəlir. Bu da klubun direktoru Ağabalanın və onun ətrafına toplaşan qohum-əqrabanın qanını qaraldır. Filmdəki epizodların birində qəmgin halda direktor Ağabalanın başına yığışan qohumlar özfəaliyyət dərnəyi yaratmaq üçün baş sındırırlar, bu zaman onların arasında belə bir dialoq yaşanır:

- İşləri-gücləri qurtarıb. Niyə baxacaqlar?
- Niyə baxacaqlar yox, nəyə baxacacaqlar?

Mən həmin bu dialoqu səbəbsiz yerə xatırlamamışam. "Qalatasaray”ın prezidenti Dursun Özbək Bakıdan qayıtdıqdan sonra Türkiyənin və Azərbaycanın idman mətbuatının gündəminə çevrilən bir təklif səsləndirmişdi. Demişdi ki, azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmamalıdılar. Dursun bəyin bu təklifini bir azərbaycanlı kimi alqışlayıram. Məlum məsələdir ki, Türkiyə futbolunun, ordakı klubların səviyyəsi bizdəkindən xeyli yüksəkdir. Legioner limiti ilə bağlı orda sərt qaydalar mövcuddur. Düzdür, həmin bu qaydalar tez-tez dəyişir, türklər özləri də "qızıl ortanı” tapmağa çətinlik çəkirlər. Amma bizim üçün dəyişməyən bir həqiqət var. Həmin həqiqət də azərbaycanlı futbolçuların Türkiyə klubları üçün cəlbedici olmamasıdır.

Yanlış xatırlamıramsa, Türkiyəyə ilk cığıraçanımız Vyaçeslav Lıçkin olmuşdu. Bakıda keçirilən Azərbaycan – Türkiyə yoldaşlıq görüşündən sonra "Trabzonspor” istedadlı futbolçuya təklif göndərmiş, onu heyətinə qatmışdı. Amma həmyerlimiz "Qara dəniz fırtınası”nın heyətində möhkəmlənə bilmədi, ordan Finlandiyaya yollandı. Bir vaxtlar Emin İmaməliyevin Trabzona baxışa yollanmasını saymasaq, ondan sonra "bordo-mavililər” heç vaxt bizimkilərə maraq göstərməyib. İlqar Qurbanov "Fənərbaxça”nın heyətində yetişib, hətta İstanbul təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarında kapitanlıq edib. Həm "Fənərbaxça”da səviyyəli legionerlərin cəmləşməsi, həm də Mübariz Mənsimovun gözqamaşdıran təklifi İlqarın İstanbuldakı karyerasının yönünü dəyişdi. Düzdür, Qurbanov sonradan Türkiyəyə qayıtdı, hətta "Sivasspor”un heyətində "Beşiktaş”ın qapısına qol da vurdu. Di gəl ki, onun da qardaş ölkədəki karyerasını uğurlu saymaq olmaz.

Sadaladıqlarımdan savayı Rəşad Sadıqovla Kamran Ağayev bir müddət Türkiyənin ortabab komandalarında oynayıb, Mahir Şükürov, Vaqif Cavadov kimi istedad sahiblərimiz özlərinə orda karyera qurmağa çalışıblar. Hə, rəhmətlik Ruslan Abdullayevin rəhbərliyi ilə Vidadi Rzayevlə, Nadir Şükürovun qısa "Ərzurumspor” karyerası da olub. Yaddaşımı qurdalayıram, çalışıram ki, ötənləri yaxşı xatırlayım, heç kimi unutmayım. Ola bilsin ki, kimsə yaddımdan çıxar. Amma hətta kimisə unutsam belə ümumi mənzərə dəyişmir. Azərbaycanlı futbolçular Türkiyə futbolunda iz qoymağı, ordakı klublarda uğurlu çıxıb edib, azarkeşlərin sevimlisinə çevrilməyi bacarmayıblar. Uzaq 1996-cı ildən, yəni Lıçkinin "Trabzonspor”da möhkəmlənə bilməməsindən üzübəri belədir.

Günümüzdə Azərbaycan futbolunu Türkiyədə təmsil etməyə çalışan Mahir Emrelidir. Bəli, məhz çalışan. "Qarabağ”ın heyətində çempionluqlar qazanan, Çempionlar Liqasının qrupunda oynayan Mahir Polşadan sonra Xorvatiyada da ayağını yerə bərk basa bilmədi, indi də "Konyaspor”un heyətində özünü sübut etmək həvəsindədir. Başqa kimimiz var? Razılaşaq ki, son illərdə yetişdirdiyimiz istedadların ən öndə gələnlərindən biri, bəlkə də elə birincisi Mahir Emrelidir. Amma onun da Türkiyədəki işləri heç də rəvan getmir.

Deyirəm, işdir, Türkiyə Futbol Federasiyası "Qalatasaray”ın prezidentinin təklifini müzakirə edib, azərbaycanlı futbolçulara "yaşıl işıq” yandırsa, türk klublarına kimi göstərəcəyik, kimi bəyəndirəcəyik, kim bizi Türkiyədə yerli futbolçu statusuyla təmsil edəcək?! Cavab verməyə çətinlik çəkirəm. Çox təəssüf!

Amal Abuşov