Dünya 15:38 09.01.2023

Kissincerin yeni təklifi nə vəd edir: Ukrayna neytral statusu alsa...?

"Rusiyanı indi yalnız adekvat hərbi qüvvə saxlaya bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin nəşr etdirdiyi yeni kitabında yazdığı "Ukraynanın neytral statusu Rusiya ilə münaqişəni sona çatdıra bilər” fikrinə münasibət bildirərkən deyib. Onun fikrincə, bu təklif Rusiyanın Ukrayna təcavüzündən əvvəl mümkün həll variantı olsa da, artıq gecdir:


 
"Bu təklif Rusiyanın Ukrayna təcavüzündən əvvəl mümkün həll variantı idi. Lakin indi həmin təklif keçərli deyil. Artıq Rusiyanın nə vaxtsa hansısa beynəlxalq hüquqa, sənədlərə hörmət edəcəyi fikri kökündən yanlışdır. İndi Rusiyanı saxlamağın yeganə yolu adekvat hərbi qüvvənin tətbiqidir. Bu hərbi qüvvəni də iki halda Ukrayna əldə edə bilər. Ya tam hüquqlu üzv kimi NATO-ya daxil olmalı və bütün Qərb onun təhlükəsizliyinə zəmanət verməliidr. Ya da ABŞ-la NATO-dan kənarda ikitərfəli imtiyazlı müttəfiqlik müqaviləsi bağlamaqla Rusiya təhlükəsini neytrallaşdıra bilər”. 
 
Qeyd edək ki, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer özünün yazdığı yeni kitabında göstərib ki, Ukraynanın neytral statusu Rusiya ilə münaqişəni sona çatdıra bilər. Sabiq diplomatın fikrincə, məhz Ukraynanın NATO-dan kənarda qalması vəziyyəti həll etməyə imkan verəcək: "Əgər Ukrayna NATO-ya üzv olsa, o zaman Alyansın sərhədləri Moskvadan 500 kilometrliyində olacaq. Bu isə Rusiyanın həmişə haqlı olaraq hesab etdiyi strateji uzaqlıqdan məhrum edəcək”. 

Rüfət Sultan