İdman 12:12 27.01.2023

Klublar ötən il transferlərə nə qədər pul xərcləyib? - FIFA açıqladı

Futbol klubları 2022-ci ildə beynəlxalq transferlərə 6,5 milyard dollar xərcləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə FIFA Beynəlxalq Transfer Uyğunlaşdırma Sistemindən (ITMS) istifadə edərək hazırladığı hesabatda bildirib. 
Hesabata görə, 2022-ci il ərzində qlobal miqyasda edilən transfer xərcləri, pandemiyanın təsirlərinin müşahidə edildiyi son iki illə müqayisədə artıb.

Ötən il 6,5 milyard dollar olan beynəlxalq transfer xərcləri 2021-ci ilə (4,86 milyard dollar) nisbətən 33,5% artıb. Xərclərin 3,53 milyard dolları 18-23 yaşlı oyunçular üçün ödənilib. Pul köçürmələrinin təxminən 70 faizi bir milyon dollardan aşağı qiymətə həyata keçirilib.

Ən çox pul ödənilən futbolçular isə braziliyalılar olub. Klublar braziliyalı oyunçular üçün 843,2 milyon dollar xərcləyib. Bu sahədə ikinci yeri 591,5 milyon dollar maaş alan fransalı futbolçular tutub.

Transferlərə ən çox pul xərcləyən İngiltərə, ən çox qazanan isə Fransa klubları olub. İngiltərə klubları beynəlxalq transferlərə 2,2 milyard dollar xərcləyib, Fransa klubları isə futbolçu satışlarından 740,3 milyon dollar qazanıb.

Səbuhi Həsənov