Amal Abuşov
İdman 10:25 18.08.2022

“Köhlən atlar” büdrəməsin!

Bir həftəyə yaxındı ki, mənə elə də yad şəhər sayılmayan Almatıdayam. İki gün bundan əvvəl pul dəyişdirmək üçün banka yaxınlaşdım. Pasportumu təqdim edən kimi məntəqənin əməkdaşı azərbaycanlı olduğumu gördü və mehribanlıqla gülümsədi. Mənə "xoş gəlmisiz” deyən həmin əməkdaş dərhal da sözlərinə "Sabah "Qarabağ”ın oyunu var, hamımız maraqla izləyirik, "Qarabağ”a azarkeşlik edirik” əlavəsini etdi. Qürbətdə yaşayanlar, yaxud da elə mənim kimi qısa müddətə vətəndən uzaq düşənlər həmin an hansı hissləri keçirdiyimi başa düşərlər.

Bəli, "Qarabağ” artıq təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da tanınır, sevilir. Bir Azərbaycan klubunun qazandığı uğurlar milyonlarla insanın rəğbətini qazanır, "Qarabağ”ın üzərinə böyük diqqət toplayır. Mən əminəm ki, "Qarabağ”a olan münasibət təkcə Qazaxıstanda belə deyil. İlin-günün bu vədəsində futbolla az-çox maraqlanan hər kəsin ürəyində "Qarabağ”a xəfif bir sevgi yaranıb, onlar əldə etdi nailiyyətlər milyonlarla azarkeşin diqqətini Ağdam komandasının üzərinə cəmləyib. "Lex”, "Sürix” və "Ferentsvaroş” çox qısa müddət ərzində "Qarabağ”ın gücünü hiss edib, "köhlən atlar”la görüşdə məğlubiyyətin acısını yaşayıb. İndi sıra Çexiya çempionu "Viktoriya”dadı.

Axşamkı görüşün nəticəsi ürəyimizcə olmadı. Amma "Qarabağ”ın sərgilədiyi oyun, Çexiyadan gələn qonaqların canla-başla müdafiənin qayğısına qalması, öz qapısına doğru sıxılması böyük alqışları haqq edir. Bu cür çətin qarşılaşmalarda kimin daha yaxşı oynamasını, hansı komandanın qələbəyə daha yaxın olmasını müəyyənləşdirmək üçün statistika köməyə çatır. Mən hələ rəqəmləri bir kənara qoyuram. İlk 15 dəqiqədə "Qarabağ” "Viktoriya”nın qapı çərçivəsinə üç dəfə zərbə endiyməyi bacarmışdı. Hakimin start fitindən keçən 5-7 dəqiqə ərzində çexlərin qapıçısı Yindrix Stanek azı iki dəfə komandası üçün xilaskar rolunu oynamışdı. Sözsüz ki, eyni tempi 90 dəqiqə ərzində qorumaq, rəqibin qapısına doğru daim təzyiq etmək bu səviyyəli oyunlarda heç də asan olmur. Heç kimə zarafat gəlməsin, rəqibimiz Çexiyanın çempionudu. Özü də bu qarşılaşma Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında keçirilir. Bizim kimi onlar da mərhələni keçmək, planetin ən nüfuzlu klub turnirinin qrupunda oynamaq arzusundadılar. Belə bir rəqib müdafiəni boş qoyub, "buyurun, gəlin, bizə qol vurun” deməyəcəkdi ki.

Oyun ərzində "Qarabağ” topa "Viktoriya”dan təxminən iki dəfə çox nəzarət edib. Topla oynama faizi 64-ün 36-a "Qarabağ”ın xeyrinədi. "Çərçivə”yə vurulan zərbələrdə də əzici üstünlüyümüz var. Bizimkilər səkkiz dəfə Stanekin qoruduğu qapının çərçivəsinə zərbə endirə biliblər. Çexlər isə cəmi bir dəfə bunu bacarıblar. "Hədəf”dən yan keçən zərbələrdə də üstünük, burda hesab 6:2-di. Həm rəqəmlər, həm də oyunun ümumi görüntüsü bunu deməyə əsas verir ki, "Qarabağ” "Viktoriya”dan daha yaxşı komandadı və bu həlledici mərhələni keçməyə Azərbaycan çempionu layiqdi. Bu üstünlüyü hesabda da əks etdirib, rəqibi Bakıdan məğlub salmaq dünənki oyunda alınmadı. Amma Sürix və Budapeştdə rəqiblərin başına açdığımız oyunu niyə Plzendə təkrarlamayaq ki?! 

Azərbaycanın "köhlən atlar”ı Plzendə də şahə qalxacaq, vətənə qələbə ilə qayıdacaq. Sonda "Qarabağ”ın prezidenti Tahir Gözəlin sözlərini xatırlayaq: "Son zamanlar məsələni səfərdə həll etmək "Qarabağ”da ənənəyə çevrilib”. Haydı, igidlər, ənənəmizi pozmayaq!

Amal Abuşov