Orxan Saffari
Ölkə 10:48 25.07.2022

Köhnəlmiş gənclik

Yəqin, siz də eşitmisiniz, görmüsünüz, çox yəqin, həm də elə bəziləriniz eləsiniz. 

Hər şeyi köhnə dövrə bağlayan, köhnə estetikadan ötrü yanıb alışan, yeniliyi heç cür qəbul edə bilməyən mağmun gənclik. Bəli, məhz gənclik. Bu mövzuda artıq yaşlı adamları qınamağa dəyməz. Onların beyinləri gəncliyin yeniliyini qəbul etmir, genetikası imkan vermir. Çünki gənclər bütün hallarda az-çox yenilik görə-görə böyüyüblər, onlar isə birdən-birə gəlib düşüblər bu "pozulmuş" cəmiyyətə. İkinci məsələ isə ömrünüm yarıdan çoxunu başa vurmuş bir adamı durub yerli-köklü dəyişməyə çalışmaq da axmaqlıqdır. Odur ki, dayılardan, bibilərdən, baba-nənələrdən bir dəfəlik əlimizi çəkməliyik.

Amma bu gənclərə nə olub? Niyə bunların içində bir Mamed dayı, Fatma xala yatır? Haradan gəlib girdilər? Böyüdüyü mühit? Məncə, yox. Çünki mühitdə Con, Cesika estetikası daha çoxdur. Ailə rol oynayır, amma qaçmaq mümkündür. Deyəsən, genetik kodlar burda da öz sözünü deyir. 

Söhbət hələ xırda yeniliklərdən gedir. Geyimdən filan. Ən sadəsini deyirəm. Bir də görürsən 2000 təvəllüdlü uşaq 2007-2008-ci illəri arzulayır, o vaxt belə deyildi deyir. Hansı gününə deyirsən, malış? Nolub? Elə bil, iki müharibədən çıxıb, axırda da xərçəng xəstəliyinə tutulub, indi onun kədərini yaşayır. 

Düyməli telefon işlədənlər sensor telefon işlədən gəncliyə aşağıdan-yuxarı baxır ki, biz bunu görmüşük zad. Adamlar get-gedə elə köhnəlir ki, texnoloji yeniliklərə artıq pis baxır. Heyif deyildi o vaxtlar zad? Ala, heyifdi. Adam əziyyətini, kədərini özləyə bilər, tay bu qədər yox da. 

Bu, istənilən sahədə belədir. Elə ədəbiyyat sahəsində də. Bir də görürsən, köhnə estetikaya aşiq bir malış, yeni cərəyanları qəbul edə bilmir, danışanda da deyir, mənimki 60-cılar nəslidi e. Əkrəm Əylisinin qadası ürəyinə, niyə qəbul edə bilmirsən? Heç kim demir ki, bu pisdi, yaxud yaxşıdı, amma hamı deyir ki, daha yaxşıları, daha maraqlıları var. 

Nə bilim. Adam elə qəribəsiyir ki, lap istəyirəm deyəm, bizim uşaqlığımızda belə deyildi. Tanrı yenilikçi gəncləri qocalmamış yaşlanmaqdan qorusun. Zamanı da, gəncliyi də, yeniliyi də onlar, biz xilas edəcək, inkişaf etdirəcəyik.

Orxan Saffari