Dünya 19:10 10.01.2023

“Kreml Paşinyanı devirmək istəyir, Nikol isə son “güllələrini” atır” - Politoloq

"Paşinyan birmənalı Qərbyönümlü mövqe tutmaq istəyir. Bununla da Rusiya ilə körpüləri yandırmağa çalışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun respublika üçün təhlükələr yaratdığı barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.
 
"Rusiyanın mövqeyini müdafiə etmək fikrindən uzağam. Amma bu bir faktırdır ki, ruslar həmişə ermənilərin yanında olub, məhz rus ordusu hər zaman ermənilərin Cənubi Qafqazda məskən salmasına kömək edib. Bu gün sülhməramlılar da məhz ermənilərin xidmətində dayanır. Paşinyan bunları qiymətləndirə bilmirsə, bu nankorluqdur. Paşinyan birdəfəlik Qərbyönümlü mövqe tutmaq üçün çalışır. Bununla da Rusiya ilə əlaqələri pozmağa səy göstərir. Ona görə də bu sayaq bəhanələrdən istifadə edir”, deyə Qabil Hüseyli bildirib.

Politoloqa görə, Paşinyanın bu açıqlaması Moskvanın onu devirmək üçün hərəkətə keçdiyinə işarədir:
 
"Sadəcə olaraq, Paşinyanın yeritdiyi siyasi xətt Moskvanın xoşuna gəlmir. Kreml bu səbəbdən onu devirmək üçün hərəkətə keçib. Moskva ilə İrəvan arasındakı ixtilafların əsas mənbəyi Ermənistanda hakimiyyət uğrunda mübarizədir. Bu nöqteyi-nəzərdən Paşinyan kreslosunu qorumaq üçün rus ordusuna böhtan arıtsa, onun öz işidir. Amma hər halda belə məsələnin mövcudğulu Cənubi Qafqazda siyasi qüvvələr nisbətinə düzəliş gətirə bilər”. 

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistanda hərbi mövcudluğunun ölkə üçün təhlükə yaratdığını bəyan edib. O bildirib ki, Rusiya ilə onun respublika ərazisində hərbi mövcudluğunun rolu və əhəmiyyəti barədə danışıqlar gedir. 

Rüfət Sultan