Dünya 19:34 02.06.2022

Kreml: Rusiya Qərblə münasibətləri kəsməyəcək

Rusiya Avropaya "pəncərəni bağlamağı” planlaşdırmır.

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib

Ukraynanın işğalından sonra Moskva ilə Qərb arasında münasibətlərin yeni aşağı səviyyəyə çatmasına baxmayaraq, Kremlin sözçüsü Dmitri Peskov Avropa ilə əlaqələri kəsmədiklərini deyir. 

Jurnalistlərin "Avropaya pəncərə bağlanırmı” sualına "Biz heç nəyi bağlamağı planlaşdırmırıq”,- deyə Peskov cavab verib. 

"Avropaya pəncərə" ifadəsi 1725-ci ilə qədər 40 ildən çox hökmranlıq edən Rusiyanın ilk imperatoru Böyük Pyotra aiddir. Gələn həftə onun anadan olmasının 350 illiyi qeyd olunacaq.

Peskov deyib ki, prezident Putin tarixi yaxşı bildiyi üçün Böyük Pyotrun rolunu yüksək qiymətləndirir.

Rusiya ABŞ-ın Ukraynanı daha təkmil artilleriya sistemləri ilə silahlandırmaq qərarını tənqid edib, Vaşinqtonu "oda yanacaq tökməkdə” günahlandırıb, lakin bunun müharibənin gedişatını dəyişməyəcəyini bildirib.

"Ukraynaya silah axını xüsusi əməliyyatın bütün parametrlərini dəyişmir. O, məqsədlərinə çatacaq, lakin bu, Ukraynaya daha çox fəlakət gətirəcək”, - deyə Peskov konfrans zamanı jurnalistlərə bildirib.
 
Nurlan Hüseynov